Müasir dövrdə neyrocərrahiyyədə ən çox yayılan xəstəliklər hansıdır?
Bu gün neyrocərraha ən çox hansı şikayətlərlə gəlirlər? Bel və boyun yırtığının həyat tərzi ilə əlaqəsi və qarşısının alınması.

Hazırda ən çox rast gəlinən xəstəlik bel və boyun yırtığıdır. Bu, sırf həyat tərzindən yaranan xəstəlikdir. Texnologiyanın sürətlə inkişafı və hər gün yeniliklərin olması insanların masa arxasında daha çox vaxt keçirməsinə səbəb olur. İnsanlar lazım oldu-olmadı mütəmadi kompüter və telefonlardan istifadə edir. Bu da onurğamızın fizioloji tamlığını pozaraq yırtıqların əmələ gəlməsinə şərait yaradır. Bundan başqa ağır fiziki işdə çalışmaq, düzgün və yetərincə istirahət etməmək də yırtıqların əmələ gəlməsini artırır. Əmələ gələn yırtıqlar isə onurğa kanalından çıxan sinirləri və onurğa beyninin özünü sıxaraq şiddətli ağrıların əmələ gəlməsinə səbəb olur. Əgər vaxtında müdaxilə edilməzsə, əməliyyata qədər gətirib çıxara bilər. Azərbaycanda son 4-5 ildə beyin cərrahiyyəsində endoskopik əməliyyatların da sayı artıb. Əvvəllər hipofiz adenomalarını götürmək üçün açıq beyin əməliyyatı aparılırdı. Bu, daha ağır əməliyyat sayılırdı. İndi artıq endoskopik üsulla burundan daxil olub həmin şişi götürmək mümkündür. Yəni, qapalı cərrahiyyə üsulunun tətbiqi hipofiz vəzi şişlərinin əməliyyatını artırıb.