Ən çox verilən suallar
Qəbulda tez-tez eşitdiyim suallara qısa cavablar. Sualınız burada yoxdursa, WhatsApp-a yazın.
Bel və ya boyun yırtığı mütləq əməliyyat olunmalıdırmı?
Xeyr. Onurğa yırtıqları ilk növbədə konservativ üsullarla — dərman müalicəsi və fizioterapiya ilə — müalicə olunur. Yırtıqların yalnız kiçik bir qismi əməliyyat tələb edir.
Bel yırtığı haqqında ətraflı →Hidrosefaliyanı dərmanla müalicə etmək olarmı?
Dərmanlar beyin-onurğa beyni mayesinin ifrazını yalnız müvəqqəti azaldır, ona görə illərlə dərman qəbulu məqsədəuyğun deyil. Dərmanın rolu əməliyyata qədər simptomları yüngülləşdirmək, vaxt qazandırmaqdır. Hidrosefaliyanın əsas müalicəsi cərrahidir: şuntlama və ya endoskopik əməliyyat.
Hidrosefaliya haqqında ətraflı →Endoskopik hidrosefaliya əməliyyatının şuntdan üstünlüyü nədir?
Endoskopik əməliyyat daha qısa çəkir, daha az travmatikdir — başda yalnız bir kiçik kəsik olur — və bədəndə yad cisim qalmadığı üçün şuntla bağlı ağırlaşmalar (infeksiya, şuntun qopması, allergik reaksiya) olmur. Ancaq bu üsul yalnız seçilmiş xəstələrə uyğundur.
Şunt, yoxsa endoskopiya? →Körpəmə "davleniya" diaqnozu qoyulub. Nə etməliyəm?
"Davleniya" ayrıca xəstəlik deyil: kəllədaxili təzyiq artımı hidrosefaliya, beyin qanaması, şiş kimi ciddi xəstəliklərin əlamətidir. Çox ağlamaq, pis yatmaq, bəzən qaytarmaq və ya əmgəyin bir az gec bağlanması tək başına bu diaqnozu göstərmir. Əsl əlamətlər: gərgin və geniş əmgək, baş çevrəsinin sürətlə böyüməsi, gözlərin davamlı aşağı baxması ("batan günəş" simptomu), həddindən artıq yuxululuq, təkrarlanan fışqırıqlı qusma. Belə diaqnoz qoyulubsa, uşağı nevropatoloq və ya neyrocərraha göstərin.
Uşaqlarda kəllə daxili təzyiq artışı →Uşaq başını vurdu. Nə vaxt həkimə müraciət etmək lazımdır?
Uşaq huşunu itiribsə, nəfəs almaqda çətinlik çəkirsə, qıcolması olursa, qulaq, burun və ya ağızdan qan, yaxud şəffaf maye gəlirsə, ağlaması dayanmırsa, yuxululuğu keçmirsə, 3 dəfədən çox qusursa və ya baş ağrısı artırsa — dərhal həkimə müraciət edin. Hər şey normal görünsə də, travmadan sonra 24 saat uşağa nəzarət edin.
Uşaqlarda kəllə-beyin travması →Beyin şişi hansı əlamətlərlə özünü göstərir?
Əlamətlər şişin yerindən asılıdır. Ən çox rast gəlinənlər: adətən səhər yuxudan duranda daha şiddətli olan baş ağrısı, qıcolma, görmə və ya eşitmə pozğunluğu, ürəkbulanma və qusma, bədənin bir tərəfində zəiflik, üzdə keyimə, nitq pozulması.
Beyin şişləri haqqında ətraflı →MRT ilə KT arasında fərq nədir?
KT rentgen şüaları ilə işləyir, qısa çəkir, sümükləri və beyin qanamasını yaxşı göstərir, amma radiasiya dozası yüksəkdir. MRT maqnit sahəsi ilə işləyir, radiasiya yoxdur və beyin, onurğa beyni, disk kimi yumşaq toxumaları daha dəqiq göstərir; müayinə 15–60 dəqiqə çəkir.
MRT haqqında →Karpal tunel sindromu necə təsdiqlənir?
Əvvəlcə həkim müayinəsi aparılır: əldə hissiyyat və qüvvət yoxlanılır, bəzi provokasiya testləri edilir. Diaqnozu təsdiqləyən əsas müayinə EMQ-dir — biləkdə orta sinirin sıxılıb-sıxılmadığını və zədələnmə dərəcəsini göstərir.
Karpal tunel sindromu haqqında →Hamiləlikdə bel ağrısı təhlükəlidirmi?
Hamilə qadınların 50–70%-ində bel ağrısı olur və əksər hallarda nə ana, nə də uşaq üçün təhlükəli deyil. Amma ağrı getdikcə şiddətlənirsə, qızdırma, qanama və ya sidik ifrazında yanma varsa, yaxud ağrı ayağa yayılıb zəiflik və keyimə verirsə, həkimə müraciət edin.
Hamiləlikdə bel ağrıları →Qəbula gələndə nə gətirməliyəm?
Əvvəlki MRT və KT disklərini və rəylərini, digər həkimlərin rəylərini, analiz nəticələrini və istifadə etdiyiniz dərmanların siyahısını.
Qəbul günləri və ünvan →Sualınız var? WhatsApp-a yazın.