Hidrosefaliyanın müalicəsi: şuntlama yoxsa endoskopik əməliyyat?
Hidrosefaliyada şunt, yoxsa endoskopik əməliyyat? İki üsulun üstünlükləri, riskləri və hansı xəstəyə hansının uyğun olduğu.
Hidrosefaliya pediatrik beyin cərrahlarının ən çox üzləşdiyi xəstəlik olub, hərfi tərcümədə “beyində su” deməkdir. Əslində isə beyin-onurğa beyni mayesinin (BOM) beyin mədəciklərində toplanmasını ifadə edir.
Xəstəliyin səbəbləri, əlamətləri və diaqnozu hidrosefaliya səhifəsində ətraflı izah olunub. Bu məqalədə isə iki cərrahi üsulun – şuntlama və endoskopik əməliyyatın – fərqindən və hansının kimə uyğun olduğundan danışırıq.
Hidrosefaliyanın növləri
Əmələ gəlmə mexanizminə görə hidrosefaliyanın 2 növü var:
-
Tıxayıcı hidrosefaliya – mədəciklər arasında tıxanma olur və BOM dövranı pozulur.
-
Əlaqəli hidrosefaliya – mədəciklər arasında əlaqə mövcuddur və problem ya BOM’un çox ifraz olunmasında ya da BOM’un zəif geri sorulmasındadır.
Müalicə
Hidrosefaliyanın müasir müalicəsi cərrahi üsulladır. Bu üsullar şuntlama əməliyyatı və endoskopla əməliyyatdır. Hansı əməliyyatın seçilməsi xəstənin yaşından, hidrosefaliyanın növündən və əmələ gəlmə səbəbindən asılıdır.
Şuntlama əməliyyatı
Şuntlama xəstənin yaşından, hidrosefaliyanın növündən və əmələ gəlmə səbəbindən asılı olmayaraq bütün növ hidrosefaliyalarda tətbiq edilə bilən, universal əməliyyat hesab olunur. Şuntlamada məqsəd beyindəki artıq mayeni bədənin başqa boşluqlarına yönləndirməkdir. Ən çox ventrikulo-peritoneal (mədəcik–qarın boşluğu) şuntlama istifadə olunur, ventrikulo-plevral (mədəcik–döş boşluğu) və ventrikulo-atrial (mədəcik–ürək) növləri də tətbiq edilir. Əsasən əlaqəli hidrosefaliyada tətbiq olunur.

Şuntlama: genişlənmiş mədəcikdəki artıq maye nazik boru ilə dərinin altından qarın boşluğuna axıdılır. Mayenin axınını tənzimləyən klapan qulağın arxasında, dərinin altında yerləşir.
Şuntun çatışmayan cəhətləri isə yad cisim olması, infeksiyaya meyilli olması, zamanla sərtləşərək qopa bilməsidir. Buna baxmayaraq, şuntlama hazırda dünyada hidrosefaliyanın müalicəsində ən çox istifadə edilən üsuldur.
Endoskopik əməliyyat
Endoskopla müalicədə əsas məqsəd mədəciklər arasında bağlanmış yolları açaraq beyin-onurğa beyni mayesinin dövranını bərpa etməkdir. Endoskopik əməliyyat ilk dəfə 1923-cü ildə tətbiq edilsə də, son 30 ildə geniş yayılıb və getdikcə daha çox istifadə olunur.

Endoskopik əməliyyat: endoskopla III mədəciyin dibində kiçik dəlik açılır və maye tıxanmış yolu yan keçərək beyin kötüyünün önündəki sahəyə axır. Bədəndə yad cisim qalmır.
Endoskopik əməliyyatın əsas üstünlükləri bədəndə heç bir yad cisim qalmaması, əməliyyatın kiçik kəsiklə aparılması, qısa çəkməsi və xəstə üçün az travmatik olmasıdır. Ən çatışmayan cəhəti isə bütün növ hidrosefaliyalarda tətbiq oluna bilməməsidir.
Kompleks hidrosefaliyalarda isə şuntlamadan öncə endoskopla mədəciklərə girilir və mədəcik daxilindəki bir neçə boşluq bir-biri ilə birləşdirilir, sonra şunt qoyulur. Bununla da xəstəyə bir neçə şunt yox, yalnız bir şunt qoyula bilir.
Hansı üsul seçilməlidir?
Adətən hidrosefaliyası olan 6 aydan kiçik körpələrə endoskopla əməliyyat etmək mümkün olmur. Həmçinin infeksiyadan sonra əmələ gələn və əlaqəli hidrosefaliyada endoskopun fayda vermə ehtimalı azalır. Buna baxmayaraq, seçilmiş xəstələrdə düzgün qərar verilərsə, 6 aydan kiçik körpələr də endoskopdan fayda görə bilər. Endoskopik əməliyyat əsasən 6 aydan böyük uşaqlarda və tıxayıcı hidrosefaliyası olanlarda tətbiq edilir.
Beləliklə, müalicənin seçilməsində hidrosefaliyanın tipini və əmələ gəlmə səbəbini müəyyənləşdirmək vacibdir və hər bir xəstəyə fərdi yanaşmaq lazımdır.
Əməliyyatdan sonrakı dövr və hansı əlamətlərdə təcili həkimə müraciət etmək lazım olduğu hidrosefaliya səhifəsində yazılıb. Şuntla yaşamaq haqqında ətraflı: şunt əməliyyatı.
Digər məqalələr
- Uşaq neyrocərrahı nəyi müalicə edir və nə vaxt ona müraciət etmək lazımdır?Yenilənib: 3 noyabr 2026→
- Xroniki subdural hematoma: yaşlılarda yıxılmadan həftələr sonra beyin qanaxması30 oktyabr 2026→
- Əllərdə keyimə: səbəb boyundadır, yoxsa bilək nahiyəsində?24 oktyabr 2026→
- Beyində araxnoid kista: təhlükəlidirmi, əməliyyat lazımdırmı?20 oktyabr 2026→
- Bel ağrısı üçün iynə: hansı iynə kimə kömək edir?20 oktyabr 2026→
- Kraniosinostozda endoskopik əməliyyat və dəbilqə müalicəsi17 oktyabr 2026→
- Körpələrdə xarici hidrosefaliya: nədir və təhlükəlidirmi?16 oktyabr 2026→
- Şunt əməliyyatı (VP şunt): necə aparılır və sonra nələrə diqqət etməli?15 oktyabr 2026→
- Beldən ayağa vuran ağrı: oturaq sinirin sıxılması13 oktyabr 2026→
- Körpələrdə əmgək və baş çevrəsi: nə normaldır, nə vaxt narahat olmalısınız?6 oktyabr 2026→
- Protruziya, ekstruziya, sekvestr: MRT rəyində yazılanlar nə deməkdir?27 sentyabr 2026→
- Uşaqlarda kəllə-beyin travmasıYenilənib: 16 oktyabr 2026→
- Hamiləlikdə bel ağrılarıYenilənib: 16 oktyabr 2026→
- Uşaqlarda kəllədaxili təzyiqin artmasıYenilənib: 16 oktyabr 2026→