Terminlər lüğəti
MRT rəyində, həkim rəyində və saytdakı yazılarda rast gəldiyiniz tibbi sözlərin sadə izahı. Sözə basın — izahı açılacaq.
Bu sözə uyğun termin tapılmadı. Sualınızı WhatsApp-a yazın.
A
Anizokoriya
Sağ və sol göz bəbəklərinin ölçüsünün fərqli olması. İnsanların təxminən beşdə birində azca (1 mm-ə qədər) fərq olur və zərərsizdir. Qəfil yaranan anizokoriya isə, xüsusilə baş travmasından sonra, şiddətli baş ağrısı, göz qapağının düşməsi və ya huşun pozulması ilə birlikdə olduqda kəllədaxili təzyiqin artmasının və ya beyin qanamasının əlaməti ola bilər — təcili müayinə tələb edir.
Atrofiya
Toxumanın və ya orqanın həcminin kiçilməsi, arıqlaması. MRT rəylərində ən çox beyin atrofiyası kimi yazılır: beyin toxumasının azalması nəticəsində şırımların və mədəciklərin genişlənməsi; müəyyən dərəcəsi yaşlı insanlarda normaldır. Əzələ atrofiyası isə uzun müddət sıxılan sinirin idarə etdiyi əzələnin arıqlamasıdır; məsələn, karpal tunel sindromunda baş barmağın dibindəki əzələlər arıqlayır.
B
Bel punksiyası (lumbal punksiya)
Belin aşağı hissəsində fəqərələr arasından nazik iynə ilə beyin-onurğa beyni mayesinin götürülməsi. İynə onurğa beyninin bitdiyi yerdən aşağıda vurulur; meningit, qanama və bəzi digər xəstəliklərin diaqnozunda, həmçinin təzyiqin ölçülməsində istifadə olunur.
Beyin-onurğa beyni mayesi (BOM)
Beyni və onurğa beynini əhatə edən, onları zərbədən qoruyan şəffaf maye. Beyin mədəciklərində daim əmələ gəlir və qana sorulur; bu tarazlıq pozulanda hidrosefaliya yaranır. Analiz üçün bel punksiyası ilə götürülür.
D
Dekompressiya
Sıxılmış siniri, onurğa beynini və ya baş beyni təzyiqdən azad edən əməliyyatların ümumi adı. Məsələn, karpal tunel əməliyyatı, laminektomiya və Kiari malformasiyasında kəllə arxası sümüklərin genişləndirilməsi dekompressiyadır.
Disk yırtığı (disk herniasiyası)
Fəqərələr arasındakı diskin (qığırdaq yastıqcığın) xarici qişasının zədələnib içindəki yumşaq hissənin kənara çıxmasıdır. Çıxan hissə yanındakı sinir kökünə və ya onurğa beyninə basanda beldən ayağa və ya boyundan qola yayılan ağrı, keyimə və zəiflik yaranır. Ən çox bel və boyun nahiyəsində olur.
Doppler müayinəsi
Ultrasəs ilə damarlarda qan axınının sürətini və istiqamətini ölçən müayinə. Neyrocərrahiyyədə ən çox boyun və beyin damarlarının daralmasını qiymətləndirmək üçün aparılır.
Duraplastika
Beyni və onurğa beynini örtən sərt qişanın (dura materin) yamaqla — xüsusi material və ya xəstənin öz toxuması ilə — genişləndirilməsi və ya bərpası. Məsələn, Kiari malformasiyası əməliyyatında kəllə əsasında yer açmaq üçün aparılır.
E
EEQ (elektroensefaloqrafiya)
Başa yapışdırılan elektrodlarla beynin elektrik aktivliyini qeydə alan ağrısız müayinə. Epilepsiyanın diaqnozunda və müalicəsinin izlənməsində əsas üsuldur.
Ekstruziya
Fəqərələr arası diskin içindəki yumşaq nüvənin xarici qişanı yırtıb onurğa kanalına çıxması; çıxan hissə diskin özü ilə hələ əlaqəlidir. Protruziyadan sonrakı mərhələdir.
EMQ (elektromioqrafiya)
Sinir və əzələlərin elektrik aktivliyini ölçən müayinə. Sinirin harada və nə dərəcədə sıxıldığını göstərir; karpal tunel sindromunda, sinir zədələnmələrində və disk yırtığının sinirə təsirini qiymətləndirmək üçün aparılır.
Endoskopik əməliyyat
Ucunda kamera və işıq olan nazik alətlə (endoskopla) kiçik dəlikdən aparılan əməliyyat. Neyrocərrahiyyədə hidrosefaliyada, disk yırtığında, bəzi beyin şişlərində və kəllə əsası əməliyyatlarında istifadə olunur.
Endoskopik ventrikulostomiya (ETV)
Hidrosefaliyada nazik kamera (endoskop) ilə beynin üçüncü mədəciyinin dibində kiçik dəlik açaraq mayeyə təbii yol yaradan əməliyyat. Bədəndə yad cisim qalmır; yalnız müəyyən növ (tıxayıcı) hidrosefaliyada uyğundur.
Epilepsiya
Beyindəki anormal elektrik boşalmaları nəticəsində təkrarlanan qıcolmalarla özünü göstərən xəstəlik. Əsas müalicəsi dərmanladır; dərmana cavab verməyən bəzi hallarda əməliyyat kömək edə bilər.
Ə
Əmgək
Körpənin kəllə sümükləri arasındakı yumşaq sahə; böyük əmgək adətən 12–18 aylıqda bağlanır. Gərgin, qabarıq əmgək kəllədaxili təzyiqin artmasının əlaməti ola bilər; körpələrdə əmgəkdən beynin ultrasəs müayinəsi aparılır.
F
Fəqərə
Onurğa sütununu təşkil edən sümüklərdən hər biri. İnsanda 7 boyun, 12 döş (kürək) və 5 bel fəqərəsi, onların altında isə oma və büzdüm sümükləri var. MRT rəylərində hərflərlə yazılır: C — boyun, Th (və ya T) — döş, L — bel, S — oma; məsələn, L4–L5 dördüncü və beşinci bel fəqərələri arasındakı səviyyədir.
H
Hidrosefaliya
Beynin içindəki boşluqlarda (mədəciklərdə) beyin-onurğa beyni mayesinin həddindən artıq yığılmasıdır. Körpələrdə başın sürətlə böyüməsi, böyüklərdə baş ağrısı, qusma, yeriş və yaddaş pozğunluğu ilə özünü göstərir; əsas müalicəsi cərrahidir.
K
Karpal tunel sindromu
Bilək nahiyəsindəki dar kanalda (karpal tuneldə) orta sinirin sıxılması. Əsas əlaməti gecələr əldə — baş, şəhadət və orta barmaqlarda — keyimə və göynəmədir; diaqnozu EMQ təsdiqləyir.
Kauda ekvina (at quyruğu) sindromu
Belin aşağı hissəsində onurğa kanalındakı sinir dəstəsinin ("at quyruğu") kəskin sıxılmasıdır. Əlamətləri: hər iki ayaqda zəiflik, cinsiyyət orqanları və anus ətrafında keyimə, sidiyi və ya nəcisi saxlaya bilməmək. Təcili vəziyyətdir — belə əlamətlər olarsa, dərhal həkimə müraciət edin.
Kəllədaxili təzyiq
Kəllə qutusunun içindəki təzyiq. Şiş, qanama və ya hidrosefaliya zamanı artır və baş ağrısı, qusma, görmə pozğunluğu, yuxululuq ilə özünü göstərir. Körpələrə tez-tez qoyulan "davleniya" diaqnozu çox vaxt bu vəziyyətlə əlaqəli deyil.
Kiari malformasiyası
Beyinciyin aşağı hissəsinin kəllə dibindəki dəlikdən onurğa kanalına enməsi. Ənsə ağrısı, öskürəndə artan baş ağrısı, əllərdə keyimə verə bilər; çox vaxt MRT-də təsadüfən aşkarlanır və hər zaman əməliyyat tələb etmir.
Konservativ müalicə
Əməliyyatsız müalicə: dərman, fizioterapiya, müalicəvi gimnastika, rejim və izləmə. Neyrocərrahi xəstəliklərin əksəriyyəti əvvəlcə bu yolla müalicə olunur.
Kontrast maddə
MRT və ya KT zamanı venaya vurulan, şişləri, iltihabı və damarları daha aydın göstərən maddə. Müayinədən əvvəl böyrək xəstəliyi, allergiya və hamiləlik barədə həkimə məlumat verilməlidir.
Kraniektomiya
Beyin əməliyyatı üçün kəllə sümüyünün bir hissəsinin kəsilib çıxarılaraq uzun müddətli "pəncərə" açılması. Kraniotomiyadan fərqli olaraq sümük "pəncərə" əməliyyatdan 3–6 ay sonra ya xəstənin öz sümüyü ilə, ya da yad cisim (metal və ya akril sement) ilə bərpa edilir.
Kraniotomiya
Beyin əməliyyatı üçün kəllə sümüyünün bir hissəsinin kəsilib çıxarılaraq müvəqqəti "pəncərə" açılması. Əməliyyatın sonunda sümük parçası yerinə qoyulub bərkidilir.
KT (kompüter tomoqrafiya)
Rentgen şüaları ilə bədənin kəsik-kəsik şəkillərini çəkən müayinə. Tez aparılır, sümükləri, sınıqları və beyin qanamasını yaxşı göstərir; buna görə travmada və təcili hallarda çox vaxt ilk seçimdir.
Q
Qıcolma (tutma)
Beyində qəfil elektrik boşalması nəticəsində iradəsiz əzələ yığılmaları, huşun itməsi və ya qısa "donma" halı. İlk dəfə qıcolma olubsa, səbəbi mütləq araşdırılmalıdır (EEQ, MRT).
Qlioma
Beyin toxumasının dayaq hüceyrələrindən (qliya hüceyrələrindən) inkişaf edən şişlər qrupu. Yavaş böyüyən və bədxassəli (məsələn, qlioblastoma) növləri var; müalicə şişin növündən və yerindən asılıdır.
Qliotik ocaq (qlioz)
Beyin toxumasında kiçik çapıq sahəsi: hüceyrələr zədələndikdən sonra (qan dövranının pozulması, travma, iltihab) həmin yerdə qliya hüceyrələri çoxalaraq çapıq əmələ gətirir. MRT rəylərində tez-tez yazılır, xüsusilə yaşlı insanlarda və yüksək qan təzyiqi olanlarda görülür. Şiş deyil və tək-tək kiçik ocaqlar çox vaxt heç bir əlamət vermir.
L
Laminektomiya
Onurğa kanalının arxa divarını təşkil edən sümük lövhəsinin (laminanın) bir hissəsinin çıxarılaraq kanalın genişləndirilməsi. Kanal daralmasında onurğa beynini və sinirləri sıxılmadan azad etmək üçün aparılır.
M
Meningioma
Beyni örtən qişalardan böyüyən, adətən xoşxassəli və yavaş böyüyən şiş. Böyüyüb beynə basanda baş ağrısı, qıcolma, görmə və ya hərəkət pozğunluğu verə bilər; əsas müalicəsi cərrahi yolla çıxarılmasıdır.
Metastaz
Bədənin başqa orqanındakı bədxassəli şişin (məsələn, ağciyər və ya süd vəzi şişinin) beynə və ya onurğaya yayılmış ocağı. Müalicə əsas xəstəliyə görə onkoloqla birlikdə planlaşdırılır.
Mədəcik (ventrikul)
Beynin içindəki, beyin-onurğa beyni mayesi ilə dolu boşluqlar. Dörd mədəcik bir-biri ilə nazik kanallarla birləşir; MRT-də mədəciklərin genişlənməsi hidrosefaliyanın əsas əlamətidir.
Mielopatiya
Onurğa beyninin özünün sıxılması və zədələnməsi. Əllərdə incə işlərin (düymə bağlamaq, yazmaq) çətinləşməsi, yerişin pozulması və ayaqlarda zəifliklə özünü göstərir; ən çox boyun nahiyəsində kanal daralmasından və ya disk yırtığından olur.
Mikrodiskektomiya
Disk yırtığında mikroskop altında kiçik kəsikdən sinirə basan disk parçasının çıxarılması. Bel yırtığında ən çox aparılan əməliyyatdır.
Mikroskopik cərrahiyyə
Əməliyyat sahəsini cərrahi mikroskop altında 40 dəfəyə qədər böyüdərək aparılan əməliyyat. Sinirləri və damarları daha yaxşı görməyə, onları zədələmədən işləməyə imkan verir.
MRT (maqnit-rezonans tomoqrafiya)
Güclü maqnit sahəsi və radiodalğalarla bədənin daxilinin ətraflı şəkillərini çəkən müayinə; şüa yoxdur. Beyin, onurğa beyni, disklər və sinirlər kimi yumşaq toxumaları ən yaxşı göstərən üsuldur.
N
Neyrosonoqrafiya (körpələrdə beynin USM-i)
Körpələrdə əmgəkdən ultrasəs vasitəsilə beynin müayinəsi. Şüasızdır, narkoz tələb etmir; mədəciklərin ölçüsünü, qanamaları və bəzi inkişaf qüsurlarını göstərir.
O
Onurğa kanalının daralması (spinal stenoz)
Onurğa beyni və sinirlərin keçdiyi kanalın disk, bağ və sümük qalınlaşması nəticəsində daralması; adətən yaşla yaranır. Bel nahiyəsində kanal daralmasının tipik əlaməti yeriyəndə ayaqlarda ağrı və yorğunluğun artması, dayanıb oturanda yüngülləşməsidir.
Orta sinir (median sinir)
Qolun əsas sinirlərindən biri; ovucun, baş, şəhadət və orta barmaqların, həmçinin adsız barmağın yarısının hissiyyatını təmin edir. Bilək nahiyəsində sıxılması karpal tunel sindromu adlanır.
Osteoxondroz
Disklərin və fəqərələrin yaşla bağlı dəyişilməsidir (degenerasiyası). MRT rəylərində çox yazılır və yaşlı insanların əksəriyyətində müəyyən dərəcədə olur; özlüyündə ağır xəstəlik demək deyil, şikayətlərlə birlikdə qiymətləndirilir.
P
Paresteziya (keyimə)
Dəridə keyləşmə, göynəmə, "qarışqa gəzməsi" hissi. Sinir sıxılanda və ya zədələnəndə yaranır; hansı barmaqda və ya nahiyədə olması həkimə hansı sinirin zədələndiyini göstərir.
Parez
Əzələ gücünün qismən azalması (zəiflik); gücün tam itməsi iflic adlanır. Sinir kökünün, onurğa beyninin və ya beynin zədələnməsinin vacib əlamətidir — qəfil yaranan zəiflik təcili müayinə tələb edir.
Protruziya
Diskin kənarının onurğa kanalına doğru qabarması; diskin xarici qişası hələ bütövdür. Disk zədələnməsinin ən yüngül mərhələsidir, MRT rəylərində tez-tez yazılır və çox vaxt müalicə və ya əməliyyat tələb etmir.
R
Radikulopatiya
Onurğadan çıxan sinir kökünün sıxılması və ya qıcıqlanması nəticəsində həmin sinirin getdiyi yolda — qolda və ya ayaqda — ağrı, keyimə və zəiflik. Ən çox səbəbi disk yırtığıdır.
S
Sekvestrasiya (sekvestr)
Fəqərələr arası diskdən çıxan parçanın qopub onurğa kanalında sərbəst qalmasıdır. Disk yırtığının ən irəliləmiş mərhələsidir; müalicə barədə qərar MRT şəklinə yox, şikayətlərə və müayinəyə görə verilir.
Siringomieliya
Onurğa beyninin içində maye ilə dolu boşluğun (sirinksin) əmələ gəlməsi. Ən çox Kiari malformasiyası ilə birlikdə olur; əllərdə zəiflik, isti-soyuq və ağrı hissiyyatının azalması ilə özünü göstərə bilər.
Siyatik (işias)
Oturaq sinirinin gedişi boyunca — omadan budun arxası ilə ayağa doğru — yayılan ağrı. Ayrıca xəstəlik deyil, əlamətdir; çox vaxt bel nahiyəsində disk yırtığının sinir kökünə basmasından yaranır.
Spina bifida (onurğa yarığı)
Hamiləliyin ilk həftələrində onurğa sütununun tam qapanmaması nəticəsində yaranan anadangəlmə qüsur. Ağır formalarında doğuşdan sonra tezliklə əməliyyat lazım olur və çox vaxt hidrosefaliya ilə birlikdə olur.
Spondilolistez (fəqərə sürüşməsi)
Bir fəqərənin altındakı fəqərəyə nisbətən irəli və ya geri sürüşməsi. Bel ağrısı və ayağa yayılan ağrı verə bilər; sürüşmənin dərəcəsindən və şikayətlərdən asılı olaraq müalicə ya əməliyyatsız aparılır, ya da fəqərələr cərrahi yolla bərkidilir.
Spondiloz
Fəqərələrin kənarlarında yaşla əmələ gələn sümük çıxıntıları (osteofitlər) və disklərin incəlməsi. Çox vaxt heç bir əlamət vermir; çıxıntılar sinirə və ya onurğa kanalına basanda ağrı və keyimə yarada bilər.
Ş
Şunt (ventrikuloperitoneal şunt)
Beyin mədəciklərindəki artıq mayeni nazik boru və klapan vasitəsilə bədənin başqa boşluğuna — çox vaxt qarın boşluğuna — axıdan sistem. Hidrosefaliyanın ən geniş yayılmış cərrahi müalicəsidir; tamamilə dəri altında qalır.
Şvannoma
Sinirin örtüyündəki Şvann hüceyrələrindən böyüyən, adətən xoşxassəli şiş. Onurğa kanalında olanda bel və ayaq ağrısı, eşitmə sinirində olanda bir qulaqda eşitmənin zəifləməsi verə bilər.
Lüğətdə olmayan bir söz MRT rəyinizdə yazılıb? WhatsApp-a yazın — izah edim.