Ruslan YunusovNeyrocərrahQəbula yazıl

Karpal tunel sindromu

Karpal tunel sindromu: gecələr əldə keyimə və ağrı, barmaqlarda göynəmə. Səbəbləri, EMQ ilə diaqnoz və qısa cərrahi müalicə.

Karpal (bilək) tunel sindromu– orta sinirin biləkdə sıxılması nəticəsində əlin funksiyalarında əmələ gələn ümumi əlamətlərin cəmidir. Bu əlamətlər ilk 3 barmaqda ağrı və keyimə hissi, əldə qüvvətsizlikdir. Karpal tunel sindromu daha çox biləyin təkrari hərəkətləri lazım olan işləri görənlərdə əmələ gəlir. Bu zaman orta (median) sinir bilək kanalında iltihaba uğrayaraq təkrari hərəkətlərlə zədələnir. Bu da özünü əlamətlərlə büruzə verir. Təkrari bilək hərəkətlərinə səbəb olan işlər: kompüterdə yazı yazmaq, pianino çalmaq, çəkiclə işləmək və s.

Karpal tunel sindromunun əlamətləri hansılardır?

Orta sinir baş barmaq, şəhadət barmağı, orta barmağın və əlin içinin hissiyyatını və hərəkətini təmin edən sinirdir. Bu sinirin zədələnməsi nəticəsində aşağıdakı əlamətlər üzə çıxa bilər:

  • Əl və biləkdə ağrı,
  • Orta və şəhadət barmağında yanma hissi,
  • Baş və şəhadət barmağında keyimə,
  • Əldə və biləkdə elektrik kimi yayılan hissiyyat.

Bu əlamətlər daha çox iş görəndə, qolu uzun müddət yuxarı qaldırdıqda, biləyi önə doğru bükəndə artır. Həmçinin ağrılar daha çox gecələr artaraq xəstələrə yatmağa imkan vermir. Xəstələr əllərini davamlı olaraq silkələyərək rahatlamağa çalışırlar. Bu hərəkət Karpal tunel sindromu olan xəstələr üçün spesifikdir.

Karpal tunel sindromu: orta sinir biləkdə, bilək bağının altında sıxılır (üçölçülü təsvir)

Orta sinir biləkdə, bilək bağının altından keçir. Bağ sinirə basanda baş, şəhadət və orta barmaqda keyimə və ağrı yaranır.

Karpal tunel sindromuna səbəb olan hallar hansılardır?

Karpal tunel sindromu adətən yaşlı insanlarda və daha çox qadınlarda rast gəlinir. Bundan başqa, bəzi xəstəlik və hallar vardır ki, bu zaman Karpal tunel sindromu əmələ gəlmə riski artır. Bunlara aiddir:

  • Biləyin travmatik zədələnməsi,
  • Hamiləlik,
  • Şəkərli diabet,
  • Revmatik xəstəliklər,
  • Akromeqaliya,
  • Piylənmə,
  • Tiroid problemləri və s.

Karpal tunel sindromunun diaqnostikası necə aparılır?

Karpal tunel sindromu olan xəstələrin diaqnostikası öncə həkim müayinəsi ilə başlayır. Belə ki, əlində keyimə olan xəstələrin öncə əllərində hissiyyat və qüvvət müayinəsi aparılır. Daha sonra bəzi provokasiya edici testlərlə (bilək nahiyəsinə vurmaqla və hər iki biləyi önə bükərək 2 dəqiqə gözləməklə) ağrıların artıb-artmadığı yoxlanılır. Əgər xəstələrdə Karpal tunel sindromundan şübhələniriksə, o zaman onlara EMQ müayinəsi təyin edirik.

EMQ– Karpal tunel sindromunun diaqnozunun qoyulmasında istifadə olunan əsas üsuldur. Bu üsulla orta sinirin biləkdə sıxılıb-sıxılmadığını və zədələnməsinin dərəcəsini öyrənmək mümkündür.

Karpal tunel sindromunun müalicə üsulları hansılardır?

Karpal tunel sindromunun yüngül və orta dərəcələrində adətən xəstələr konservativ, yəni qeyri-cərrahi üsullarla müalicə olunurlar. Bu xəstələrə gün ərzində biləyin təkrari hərəkətlərindən qaçınmağı məsləhət görürük. Bundan başqa biləyin hərəkətliliyini azaltmaq üçün xəstələrə xüsusi biləkliklər və ağrılarına görə də dərman müalicəsi də təyin edilir. Bu müalicələr adətən bir neçə ay davam edir və əksər hallarda xəstələr bu müalicələrdən fayda görürlər. Konservativ üsullardan fayda görməyən və ağır dərəcəli Karpal tunel sindromu olan xəstələr isə əməliyyat olunurlar.

Karpal tunel sindromu olan xəstələrə orta sinirin dekompressiyası (sıxılmadan azad edilməsi) əməliyyatı icra olunur. Bu zaman bilək nahiyəsində 2,5 sm-lik kəsiklə köndələn bilək bağı kəsilərək orta sinir sıxılmadan azad edilir. Əməliyyat 20 dəqiqə davam edir. Əməliyyatdan sonra xəstələrin əksəriyyəti şikayətlərdən tamamilə qurtulurlar.

Karpal tunel əməliyyatı: ovucda kiçik kəsik, açılmış tunel və tikiş

Karpal tunel sindromu əməliyyatı: ovucda kiçik kəsik, açılmış tunel və tikiş.