Hidrosefaliya beyin cərrahlarının ən çox üzləşdiyi xəstəlik olub, hərfi tərcümədə “beyində su” demekdir. Əslində isə beyin-onurğa beyin mayesinin (BOM) beyin daxili boşluqlarda, yəni mədəciklərdə normadan çox toplanmasını ifadə edir. Normal insanlarda da beyin mədəciklərində təxminən 25 ml BOM olur, lakin hidrosefaliyalı xəstələrdə bu mayenin miqdarı 3-4, hətta 10 dəfəyə qədər arta bilər.
Hidrosefaliyanın görülmə yaşı 15 yaşa qədər olan uşaqlarda və 50-60 yaşından sonradır.
Statistik məlumatlara görə 15 yaşa qədər olan uşaqlar arasında rastgəlmə tezliyi 2-2,5/1000 nəfərdir, Azərbaycanda isə bu təxminən 3000-4000 nəfər deməkdir. Hər yeni doğulan 1000 uşaqdan birində hidrosefaliya görülür.
Hidrosefaliyanın səbələri anadangəlmə və qazanılma olmaqla iki qrupa bölünür. Anadangəlmə hidrosefaliyalara irsi xəstəliklər, bətndaxili keçirilmiş infeksiyalar və travmalar, sinir sisteminin digər genetik xəstəlikləri səbəb ola billər. Qazanılma hidrosefaliyalara beyin daxili qanamalar, uşaqlıq dönəmində keçirilən infeksiyalar, kəllə beyin travmaları, həcmli törəmələr və s. ola bilər.
Hidrosefaliyanın simptomları yaşla bağlı olaraq dəyişir. Körpə uşaqlarda daha çox özünü zəif əmmə, qusma, yuxululuq, başın böyüməsi, əmgəklərin qabarıq və gərgin olması, qıcolmalar, səbəbsiz ağlamalar və s.ilə göstərir. Daha böyük uşaqlarda baş ağrısı, bulantı və qusma, ümumi halsızlıq, davranış dəyişiklikləri,dərslərdən geri qalma,qıcolmalar, görmə pozğunluqları və s kimi simptomlar görülür.Yaşlı insanlarda isə baş ağrıları, sidiyini tuta bilməmək, yerişin pozulması, əqli zəfliyin əmələ gəlməsi və s. kimi şikayətlər görülür.
Hidrosefaliyanın diaqnozu da yaşla bağlı olaraq fərqli aparılır. Hələ əmgəyi bağlanmamış körpələrdə ultrasəs müayinəsi ilə, daha böyük uşaqlar və yaşlılarda isə komputer tomoqrafiyası ve maqnit rezonans tomoqrafiyası ilə qoyulur.
Hidrosefaliyanın müalicəsində istifadə olunan dərman maddələrinin təsiri keçici olaraq beyin onurğa beyin mayesini ifrazını azaltmaqdan ibarətdir. Keçici təsir göstərdikləri üçündür ki uşaqlar uzun illər bu dərmanları almaq məcburiyyətində qalırlar. bu da məqsədə uyğun deyil. Dərman müalicəsində məqsəd əməliyyata qədər xəstənin simptomlarını azaltmaq olmalıdır, yəni başqa sözlə desək əməliyyata qədər vaxt qazandırmalıdır.
Hidrosefaliya cərrahi patologiya olduğuna görə müalicəsi də cərrahi üsulladır. Bu üsullar şuntlama əməliyyatı və endoskopla əməliyyatdır. Şuntlamada məqsəd beyindəki artıq mayeni bədənin başqa boşluqlarına yönləndiməkdir. Bu boşluqlar qarın (periton) boşluğu, döş qəfəsi (plevra) boşluğu və ürəkdir. Endoskopla müalicədə əsas məqsəd mədəcikər arasında bağlanmış yolları açaraq beyin-onurğa beyin mayesinin dövranını bərpa etməkdir.
Endoskopik əməliyyatın üstünlükləri daha qısa davam etməsi, daha az travmatik olması (xəstənin başında sadəcə bir kəsik olur), bədəndə hər hansı bir yad cisim olmadığına görə buna bağlı ağırlaşmalar olmamasıdır. Bu ağırlaşmalar şunta bağlı infeksiya, şuntun qopması, allergik reaksiyalar və s ola bilər. Təəsüf ki endoskopik müalicə sadəcə seçilmiş xəstələrə tətbiq olunur.
Hidrosefaliyalı xəstələrin proqnozunu öncədən demək çox çətindir və proqnoz xəstədən xəstəyə dəyişir. Çünki, hidrosefaliya beyni zədələyərək xəstələrin əqli və fiziki inkişafını ləngidir. Proqnoza ən çox təsir edən amillər yanaşı xəstəliklərin olması, xəstənin diaqnoz qoyulan andakı yaşı və müalicənin effektivliyidir. Erkən qoyulmuş diaqnoz və düzgün aparılan müalicə, əmələ gələ biləcək əqli və fiziki inkişaf qüsurlarının azaldaraq daha yaxşı pronoza səbəb ola bilər.