Boyun yırtığı
Boyun yırtığı: boyun və qola yayılan ağrı, barmaqlarda keyimə. Səbəbləri, diaqnozu, dərman, fizioterapiya və cərrahi müalicə üsulları.
Boyun yırtığı nədir?
İnsan boynunda 7 ədəd fəqərə vardır. Bu fəqərələr bir-biri ilə yumşaq qığırdaq olan, fəqərə arası disklərlə birləşirlər. Bu qığırdaq disklərin vəzifəsi fəqərələri bir-biriylə birləşdirməklə yanaşı, iki qonşu fəqərə arasında amortizasiya funksiyası görməkdir. Belə ki, elastik xüsusiyyətə malik olan bu disklər fəqərələrə düşən yükü bərabər şəkildə paylayaraq onurğanın dinamikliyini təmin edir. Yaş artdıqca və ya disklər uzun müddət ağır yük altında qaldıqca onların tərkibində dəyişikliklər gedir ki, bu da disklərin elastikliyinin azalmasına və onların daha kövrək olmasına gətirib çıxarır. Disklərdə baş verən bu hadisə degenerasiya adlanır. Degenerasiyaya uğramış disklər zamanla yırtılmağa başlayır ki, yırtılan disk parçaları da onurğa kanalına girərək onurğa beynini və sinirləri sıxışdıra bilir. Beləliklə, sadaladığım proseslərin sonunda xəstələrdə boynun fəqərə arası disk yırtığı və yaxud boyun yırtığı əmələ gəlir.
Boyun yırtığının əmələ gəlmə səbəbləri nələrdir?
Boyun yırtığının əmələ gəlməsində ən əsas amil yaşdır. Belə ki, yaş artdıqca diskin tərkibi dəyişərək onun elastikliyi azalaraq kövrəkləşir və bu da onda yırtılmaların əmələ gəlməsinə səbəb olur. Bundan başqa bəzi amillər var ki, onlar da disk degenerasiyasını sürətləndirərək yırtığa səbəb olur. Bu faktorlar aşağıdakılardır:
- Ağır fiziki iş– uzun müddət ağır fiziki işdə işləmək fəqərələr arası diskə düşən yükü artıraraq bu qığırdaqların erkən degenerasiyasına səbəb ola bilir;
- Travma- travma sonrası zədələnən disklərdə yırtıq əmələ gəlmə riski artır;
- Həyat şəraiti- gün ərzində telefon və planşetlərlə çox zaman keçirmək, boynumuzu uzun müddət önə doğru əyərək məcburi vəziyyət almasına və boyun əzələ və bağlarında yüklənməyə səbəb olur. Bu da öz növbəsində fəqərə arası disklərdə zədələnməni artırır.
- Genlər– bəzi insanlar genetik olaraq disk yırtığı əmələ gəlməsinə meyillidirlər. Bu insanlarda adətən çoxsaylı disk yırtıqlarına rast gəlinir.
- Siqaret- siqaret qığırdaq toxumasının qidalanmasını pozaraq onda erkən degenerasiyasının əmələ gəlməsinə səbəb olur.

Boyun fəqərələri arasındakı disk yırtılaraq qola gedən sinir kökünə basır — ağrı və keyimə buna görə çiyinə və qola yayılır.
Boyun yırtığının əlamətləri hansılardır?
Boyun yırtığının əsas əlaməti boyun ağrısıdır. İlk vaxtlar yalnız boyun ağrısı olsa da zamanla bu ağrı sağ və ya sol tərəfli olaraq çiyinə, qola və barmaqlara qədər yayılır. Disk yırtığı siniri sıxışdırdıqca xəstələrdə ağrı ilə yanaşı qollarda keyimə, hissiyyatsızlıq və hətta qüvvətsizlik əmələ gələ bilər. Bundan başqa bəzi disk yırtıqları onurğa beyninə də təsir edərək xəstələrdə qollarla yanaşı ayaqlarda da hissi və hərəki pozğunluqlara səbəb ola bilirlər ki, belə xəstələr adətən yeriməkdə çətinlik çəkirlər.
Boyun yırtığının diaqnostika üsulları hansılardır?
Boyun yırtığının diaqnostikasında aşağıdakı müayinələr istifadə olunur:
- Maqnit-rezonans tomoqrafiya– disk yırtıqlarının diaqnostikasında “qızıl standart” hesab olunur. Diskin yerini, ölçüsünü, onurğa beyni və sinirə olan münasibətini ətraflı şəkildə qiymətləndirməyə imkan verir.
- Kompüter tomoqrafiyası– Adətən MRT olmayan mərkəzlərdə və ya MRT-yə girə bilməyən xəstələrə (klaustrofobiyalı və metal implantı olan xəstələrə) çəkilir.
- Elektromioqrafiya– boyundakı disk yırtığına bağlı qollarda və ayaqlarda olan hissiyyatsızlıq və qüvvətsizliyi müəyyənləşdirmək üçün istifadə olunur.
- Rentgen– tək başına disk yırtığının diaqnostikasında kifayət deyil. Daha çox sümükdə olan çıxıntıların, travmanın və ya fəqərə sürüşməsinin diaqnostikasında istifadə olunur.

Boyun yırtığının müalicə üsulları hansılardır?
Boyun yırtığının müalicəsində həm konservativ, həm də cərrahi müalicə üsullarından istifadə olunur. Xəstələrin təxminən 90%-i konservativ, yəni qeyri-cərrahi üsulla müalicə olunur. Konservativ müalicə üsulları aşağıdadır:
- Özünə qulluq- əksər xəstələr boyun yırtığının başlanğıç mərhələlərində həkimə gəlmədən ev şəraitində müalicə olunurlar. Bu xəstələr boyun ağrısı səbəbiylə ağır fiziki işdən qaçınaraq, soyuqdan qorunaraq, ağrıyan nahiyəyə isti kompresslər qoyaraq ağrılardan qurtula bilirlər.
- Dərman müalicəsi- boyun yırtığı zamanı ən çox ağrıkəsici, əzələ yumşadıcı (miorelaksant) və steroid tərkibli dərmanlardan istifadə olunur. Dərman müalicəsi xəstələrin əksəriyyətinə fayda verir.
- Fizioterapiya- dərman müalicəsindən qismi fayda görən və ya fayda görməyən xəstələr adətən fizioterapiyaya yönləndirilir. Fizioterapiya proseduraları zamanı boyunda və qollardakı ağrılardan qurtulmaqla yanaşı, diskin kiçilməsinə də nail olmaq mümkündür.
- Epidural steroid inyeksiyası- Qollarında ağrıları çox olan xəstələr və digər konservativ müalicələrdən fayda görməyən xəstələrə tətbiq olunur. Bu zaman kortizon və bənzəri maddələr rentgen altında xəstənin boyun bölgəsinə, daha doğrusu sıxılan sinirin ətrafına vurulur. Bu maddələr iltihab əleyhinə təsir etdiklərinə görə sinir ətrafında olan iltihab və şişkinliyi azaldaraq xəstələrin rahatlamasına kömək edirlər.
Əksər xəstələr konservativ üsullarla şikayətlərdən qurtulsalar da, bəzi xəstələrdə bütün qeyri-cərrahi tədbirlərə baxmayaraq şikayətlər keçmir. Bu qrup xəstələr əməliyyatla sağalırlar. Aşağıdakı hallarda xəstələr üçün əməliyyata göstəriş vardır:
- Keçməyən ağrı- bütün konservativ müalicələrə baxmayaraq xəstənin ağrısı davam edirsə,
- Qollarda qüvvətsizlik- ağrı ilə yanaşı xəstənin qollarında qüvvətsizlik əmələ gəlir və zaman getdikcə bu qüvvətsizlik artırsa,
- Əllərdə və qollarda hissi pozğunluqlar- xəstələrin əllərində və ya qollarında artan hissiyyatsızlıq və keyimə hissi varsa,
- Yerişin pozulması- xəstələr ağrı və hissiyyatsızlığa görə yeriməkdə çətinlik çəkirlərsə.
Disk yırtığının ən müasir və ən çox tətbiq olunan əməliyyatı mikroskopik yolla disk məsafəsinin təmizlənib yerinə qəfəs qoyulması əməliyyatıdır. Bu əməliyyatla boyunun önündə 4 sm-lik kəsiklə girilərək, onurğa sütununun önündən lazım olan disk məsafəsi tamamilə boşaldılır və məsafəyə xüsusi PEEK (Poly-Ether-Ether-Ketone) qəfəs qoyulur. Bununla da, həm disk yırtığından qurtulmuş olunur, həm də qəfəs sayəsində disk məsafəsinin yüksəkliyi qorunaraq sinir sıxılmasının qarşısı alınmış olur.

Qorunma
Boyun disk yırtığı əməliyyatından sonra eyni məsafədə təkrari disk yırtığı əmələ gəlmə ehtimalı demək olar ki, yoxdur. Buna baxmayaraq, əməliyyat olunan yerin bir məsafə üstündə və ya bir məsafə altında disk yırtığı əmələ gəlmə riski digər insanlara nisbətən daha yüksəkdir. Buna görə də biz əməliyyat olan xəstələrə sonrakı həyatlarında yerinə yetirməli olduqları məsləhətləri veririk:
- Kəskin boyun hərəkətlərini, həmçinin boyun “şaqqıldatma” hərəkətlərini etməmək,
- Uzun müddət boynu önə doğru əyərək, məcburi vəziyyət verməmək (telefona baxarkən və s.),
- Boyun əzələlərini qüvvətləndirmək üçün xüsusi tapşırıqları yerinə yetirmək,
- Siqareti tərgitmək.