Bel yırtığı
Bel yırtığı nədir?
Belimizin skeleti 5 ədəd bel fəqərəsindən və bunları bir-biriylə birləşdirən qığırdaq mənşəli disklərdən təşkil olunub. Bu fəqərələr arası diskdə baş verən yırtılmalara bel yırtığı, daha doğrusu beldə fəqərələr arası disk yırtığı deyilir. Yırtılan diskdən ayrılan parçalar onurğa kanalına girərək sinirləri sıxır ki, bu da özünü beldə və ayaqlarda olan ağrılarla birüzə verir.
Bel yırtığının əmələ gəlmə səbəbləri nələrdir?
Onurğamızda olan fəqərələr arası disklər, elastik qığırdaqdan təşkil olunmuşdur. Bu disklər fəqərələri bir-birinə bağlamaqla bərabər həmçinin, onurğaya düşən yükü bərabər paylaşdırır və onurğanın hərəkətliyini təmin edir. Bel yırtığının əmələ gəlməsində ən önəmli mərhələ bu disklərin elastikliyini itirərək kövrəkləşməsidir. Bu kövrəkləşmə prosesi tibbdə degenerasiya adlanır. Degenerasiya insan orqanizmində gedən yaşlanma proseslərin bir parçası olub, qığırdaq toxumasında maddələr mübadiləsinin pozulması və onun tərkibindəki suyun azalması prosesidir. Bu da diskin müxtəlif faktorların təsiri ilə yırtılmasına gətirib çıxarır.
Aşağıda bel yırtığın səbəb olan faktorlar sadalanmışdır:
- Ağır fiziki iş– uzun müddət ağır fiziki işlə məşğul olmaq və ya onə doğru əyilərək ağır əşya qaldırmaq fəqərələr arası diskə təzyiq edərək onun yırtılmasına səbəb olur.
- Artıq çəki– alınan hər artıq çəki belə düşən yükü artıraraq diskin yırtılma riskini artırır.
- Peşə– bəzi peşə sahibləri (ofis işçiləri, sürücülər, müəllimlər və s.) uzun müddət eyni vəziyyətdə qalırlar ki, bu da disklərdə degenerasiya prosesini sürətləndirir.
- Genlər– bəzi insanlar genetik olaraq disk yırtığı əmələ gəlməsinə meyillidirlər. Bu insanlarda adətən çoxsaylı disk yırtıqlarına rast gəlinir.
- Zərərli vərdişlər– siqaret qığırdaq toxumasının qidalanmasını pozaraq onda erkən degenerasiyasına səbəb olur.
Bel yırtığının əlamətləri hansılardır?
Bel yırtığının əsas şikayəti bel ağrılarıdır. Adətən bel ağrıları qısa müddətli olur və dərman müalicəsinə cavab verir. Zamanla bel ağrılarının şiddəti artır və xəstələrdə başqa simptomlar əmələ gəlməyə başlayır. Əsas simptomlar aşağıdadır:
- İşias– oturaq siniri boyunca yayılan ağrı. Zamanla disk yırtığı beldən keçərək ayağa doğru gələn sinirləri sıxaraq ayağa doğru yayılan ağrılara səbəb olur.
- Ayaqlarda uyuşma və keylik– sıxılan sinir kökünə uyğun olaraq ayağn bəzi nahiyyələrində uyuşma və hissiyyatsızlıq əmələ gəlir.
- Ayaqlarda qüvvətsizlik– Əgər sinir disk yırtığı tərəfindən uzun müddətli sıxılmağa məruz qalarsa, o zaman, sıxılan sinirin innervasiya etdiyi əzələ qruplarında qüvvətsizlik əmələ gəlir.
- Sidik və nəcis qaçırma– Çox böyük disk yırtıqlarında sidik kisəsi və bağırsaqlara gedən sinirlər zədələnə bilər ki, bu da özünü sidik və nəcis qaçırma şikayəti ilə birüzə verir. Disk yırtığı olan bir xəstədə sidik və nəcis problemlərinin başlaması təcili əməliyyata göstəriş sayılır.
Bel yırtığının diaqnostika üsulları hansılardır?
Bel yırtığının diaqnostikasında aşağıdaki müayinələr istifadə olunur:
- Maqnit-rezonans tomoqrafiya– disk yırtıqlarının diaqnostikasında “qızıl standart” hesab olunur. Diskin yeri, ölçüsü və sinirə olan münasibətini ətraflı şəkildə dəyərləndirməyə imkan verir.
- Kompüter tomoqrafiyası– Adətən MRT olmayan mərkəzlərdə və ya MRT-yə girə bilməyən xəstələrə (klaustrofobiyalı və metal implantı olan xəstələrə) çəkilir.
- Elektromiyoqrafiya– adətən ayaqdakı qüvvətsizlik və hissiyyatsızlığın hansı sinirə aid olduğunu və dolayı yolla şikayətlərə hansı məsafədəki disk yırtığı səbəb olduğunu anlamaq üçün istifadə olunur.
- Rentgen– tək başına disk yırtığının diaqnostikasında yetərsizdir. Daha çox sümükdə olan çıxıntıların, travmanın və ya fəqərə sürüşməsinin diaqnostikasında istifadə olunur.
Bel yırtığının müalicə üsulları hansılardır?
Bel yırtığının müalicəsində həm konservativ, həm də cərrahi müalicə üsullarından istifadə olunur. Xəstələrin təxminən 90%-i konservativ, yəni qeyri-cərrahi üsulla müalicə olunur. Konservativ müalicə üsulları aşağıdadır:
- Özünə qulluq- əksər xəstələr bel yırtığının başlanğıç mərhələlərində həkimə gəlmədən ev şəraitində müalicə olunurlar. Bu xəstələr bel ağrısı səbəbiylə ağır fiziki işdən qaçınaraq, soyuqdan qorunaraq, arğıyan nahiyyəyə isti kompresslər qoyaraq ağrılardan qurtula bilirlər.
- Dərman müalicəsi- bel yırtığı zaman ən çox ağrıkəsici, əzələ yumşadıcı (miorelaksant) və steroid tərkibli dərmanlardan istifadə olunur. Dərman müalicəsi xəstələrin əksəriyyətinə fayda verir.
- Fiziyoterapiya- dərman müalicəsindən qismi fayda görən və ya fayda görməyən xəstələr adətən fiziyoterapiyaya yönləndirilir. Fiziyoterapiya proseduraları zamanı beldə və ayaqlardakı ağrılardan qurtulmaqla yanaşı, diskin kiçilməsinə də nail olmaq mümkündür.
- Epidural steroid inyeksiyası- Ayaqlarında ağrıları çox olan xəstələr və digər konservativ müalicələrdən fayda görməyən xəstələrə tədbiq olunur. Bu zaman kortizon və bənzəri maddələr rentgen altında xəstənin belinə, daha doğrusu sıxılan sinirin ətrafına vurulur. Bu maddələr iltihab əleyhinə təsir etdiklərinə görə sinir ərtafında olan iltihab və şişkənliyi azaldaraq xəstələrin rahatlamasına kömək edirlər.
Xəstələrin çox az bir qismində bütün konservativ müalicə üsullarına baxmayaraq ağrı və şikayətləri davam edir. Belə xəstələr adətən əməliyyatla şikayətlərdən qurtulurlar. Aşağıdakı hallarda xəstələr üçün əməliyyata göstəriş vardır:
- Keçməyən ağrı- bütün konservativ müalicələrə baxmayaraq xəstənin ağrısı davam edirsə
- Ayaqlarda qüvvətsizlik- ağrı ilə yanaşı xəstənin ayaqlarında qüvvətsizlik əmələ gəlir və zaman getçdikcə bu qüvvətsizlik artırsa
- Yerişin pozulması- xəstələr ağrı və qüvvətsizliyə görə yeriməkdə çətinlik çəkirlərsə
- Sidik və nəcis qaçırma- bu hallar təcili əməliyyata göstəriş sayılır, əgər zamanında müdaxilə edilməzsə xəstələrdə bu problemlər ömür boyu davam edə bilər.
Disk yırtıqlarının əməliyyatı diskektomiya adlanır. Adından da göründüyü
kimi yırtılmış diskin çıxarılması deməkdir. Günümüzdə mikrodiskektomiya (yəni, mikroskopla edilən diskektomiya) disk yırtıqlarının cərrahi müalicəsində standart əməliyyat hesab edilir. Bu əməliyyatla beldə 3-4 sm-lik kəsik aparılaraq fəqərənin arxasında kiçik sümük parçası kəsilib çıxarılır. Daha sonra sıxılan sinir və siniri sıxan disk yırtığı tapılır. Xüsusi alətlərlə sinir qorunaraq disk parçası sinirin ətrafından təmizlənir. Uğurlu keçən mikrodiskektomiya əməliyyatından sonra 90% xəstələr 4-6 həftə sonra normal iş fəaliyyətinə qayıdırlar.
Qorunma.
Disk yırtığından əməliyyat olan xəstələrdə təkrari disk yırtığı əmələ gəlmə riski digər insanlara nisbətən daha yüksəkdir. Buna görə də biz əməliyyat olan xəstələrə sonrakı həyatlarında yerinə yetirməli olduqları məsləhətləri veririk:
- Yerdən əşya qaldırarkən önə doğru əyilərək yox, aşağı çömələrək qaldırmaq lazımdır.
- Oturarkən, durarkən, yatarkən kəskin hərəkətlərdən qaçınmaq və daha kontrollu davranmaq
- Bel və qarın əzələlərini qüvvətləndirmək üçün xüsusi tapşırıqları yerinə yetirmək
- Artıq çəkidən qurtulmaq və çəki almamağa diqqət etmək
- Siqaretdən uzaq durmaq.