Neyrocerrah.com

Hidrosefaliyanın müalicəsi: şuntlama yoxsa endoskopik əməliyyat?

Hidrosefaliya pediatrik beyin cərrahlarının ən çox üzləşdiyi xəstəlik olub, hərfi tərcümədə “beyində su” demekdir. Əslində isə beyin-onurğa beyin mayesinin (BOM) beyin mədəciklərində toplanmasını ifadə edir.  
Normal insanlarda da beyin mədəciklərində təxminən 25 ml BOM olur, lakin hidrosefaliyalı xəstələrdə bu mayenin miqdarı 3-4, hətta 10 dəfəyə qədər arta bilər.
Əmələ gəlmə mexanizminə görə hidrosefaliyanın 2 növü var: 
1) tıxayıcı hidrosefaliya- mədəcikər arasında tıxanma olur və BOM dövranı pozulur,
2) əlaqəli hidrosefaliya- mədəcikər arasında əlaqə mövcuddur və problem ya BOM’un çox ifraz olunmasında ya da BOM’un zəif geri sorulmasındadır.
Hidrosefaliyada semptomlar yaşa bağlı olaraq dəyişir: 
-Körpələrdə: zəif əmmə, qusma, yuxululuq, başın böyüməsi, əmgəklərin qabarıq və gərgin olması, qıcolmalar, səbəbsiz ağlamalar və s.
-Daha böyük uşaqlarda: baş ağrısı, bulantı və qusma, ümumi halsızlıq, davranış dəyişiklikləri, dərslərdən geri qalma, qıcolmalar, görmə pozğunluqları və s.
-Yaşlı insanlarda: baş ağrıları, sidiyini tuta bilməmək, yerişin pozulması, əqli zəfliyin əmələ gəlməsi və s.
Hidrosefaliyanın diaqnozu ultrasəs müayinəsi (sadəcə körpələrdə), komputer tomoqrafiyası ve maqnit rezonans tomoqrafiyası ilə qoyulur. 
Hidrosefaliyanın müasir müalicəsi cərrahi üsulladır. Bu üsullar şuntlama əməliyyatı və endoskopla əməliyyatdır. 
Şuntlamada məqsəd beyindəki artıq mayeni bədənin başqa boşluqlarına yönləndiməkdir. Bu boşluqlar qarın (periton) boşluğu, döş qəfəsi (plevra) boşluğu və ürəkdir. Əsasən əlaqəli hidrosefaliyada tətbiq olunur.
Endoskopla müalicədə əsas məqsəd mədəcikər arasında bağlanmış yolları açaraq beyin-onurğa beyin mayesinin dövranını bərpa etməkdir. Əsasən tıxayıcı tip hidrosefaliyada tətbiq olunur.
Beləliklə müalicənin seçilməsində hidrosefaliyanın tipini müəyyənləşdirmək vacibdir və hər bir xəstəyə fərdi yanaşmaq lazımdır.