Hamiləlik zamanı beldə ağrılar çox rast gəlinən problemlərdən biridir. Araşdırmalar göstərir ki, hamilə qadınların təxminən 50-70%-i bel ağrılarından əziyyət çəkir. Bu ağrılar adətən hamiləliyin ikinci yarısında əmələ gəlir və hamiləliyin sonuna doğru getdikcə artır. Əksər hallarda bu ağrılar doğuşdan bir müddət sonra keçib gedir.
Bəs hamiləlik zamanı bu ağrıların səbəbi nədir?
Hamiləlik zamanı əmələ gələn bel ağrılarının bir neçə səbəbi var:
• Artmış hormonlar- hamiləliyin normal davam eləməsi üçün lazım olan hormonlar, bel və çanaq bölgəsindəki vətərlərin, bağların elastikliyini artıraraq qadını doğuşa hazırlayır. Vətər və bağlarda elastikliyin artması, bel və çanaqda oynaq ağrılarına səbəb olur.
• Ağırlıq mərkəzinin yerdəyişməsi- hamiləlik zamanı qarnın böyüməsi nəticəsində ağırlıq mərkəzi önə doğru yer dəyişir. Bu da, belə əlavə ağırlıq düşməsi deməkdir.
• Artıq çəki- hamiləlik irəlilədikcə böyüyən dölün artan çəkisi də belə əlavə yük salır.
• Düzgün duruş- qaməti düzgün saxlamamaq, çox ayaqüstə qalmaq və ya önə çox əyilmək də beldəki ağrıları artıra bilər
• Stress- araşdırmalara görə hamiləlik zamanı stress keçirən qadınlarda ağrılar daha çox olur.
Səbəblərdən də aydın olduğu kimi, hamiləlik zamanı bel ağrıları əksər hallarda qaçınılmazdır. Bu ağrıları tam aradan qaldırmaq mümkün olmasa da, ağrıları yüngülləşdirmək üçün bəzi tövsiyyələr mövcuddur. Bu tövsiyyələr aşağıda sıralanmışdır:
• Hərəkət tapşırıqları- bel, qarın və ayaq əzələlərini qüvvətləndirən xüsusi məşqlər ;
• Düzgün qamət- çalışın qamətinizi düz saxlayı;
• Ayaq üstə çox durmamaq- gün içində dincəlmək üçün özünüzə vaxt ayırın;
• Yerdən bir əşya götürərkən çömələrək götürün, əyilməyin,
• Rahat ayaqqabılar geyinin,
• Yatarkən arxası üstə deyil, yanı üstə yatmağa çalışın.
Onu da nəzərinizə çatdıraq ki, bu ağrılar əksər hallarda ana və uşaq üçün təhlükəli törətmir və öz-özünə keçib gedir.
Bəs ağrılar nə zaman təhlükəlidir?
Əgər:
• ağrılarınız uzun zamandır davam edirsə və getdikcə şiddətlənirsə,
• ağrılarla yanaşı qızdırma, vaginal qanama və ya sidiyə gedərkən yanma varsa,
• ağrılar ayaqlara yayılırsa və ağrı ilə yanaşı ayaqlarda qüvvətsizlik və hissi qüsur varsa, mütləq həkimə müraciət etmək lazımdır. Çünki, bu hallar başqa ciddi bir xəstəliyin əlamətləri ola bilər.