Ruslan YunusovNeyrocərrahQəbula yazıl

Ultrasəs müayinəsi

Körpələrdə əmgək vasitəsilə beyin USM-i nəyi göstərir, necə aparılır və nə vaxt MRT lazımdır. Böyüklərdə Doppler və əməliyyat zamanı ultrasəs.

Ultrasəs müayinəsi (USM) yüksək tezlikli səs dalğalarının köməyi ilə orqan və toxumaların görüntüsünü almaq üsuludur. Müayinə ağrısızdır və şüalanma qorxusu yoxdur. Neyrocərrahiyyədə üç məqsədlə istifadə olunur: körpələrdə beynin müayinəsi, böyüklərdə boyun və beyin damarlarının Doppler müayinəsi və bəzi beyin əməliyyatları zamanı.

Körpədə əmgək vasitəsilə beynin ultrasəs müayinəsi

Körpələrdə beyin USM-i necə aparılır?

Beyin cərrahiyyəsində USM daha çox əmgəyi bağlanmamış körpələrin beyninin və beyin mədəciklərinin görüntülənməsi üçün istifadə olunur. Səs dalğaları kəllə sümüyündən keçmir, amma əmgək — kəllə sümükləri arasındakı yumşaq sahə — onlar üçün “pəncərə” rolunu oynayır. Ona görə körpədə beyni USM ilə əmgək bağlanana qədər, adətən 1 yaşına qədər görmək olur.

Xüsusi hazırlıq lazım deyil. Cihaz əmgəyin üstünə qoyulur, körpə ananın qucağında və ya yatarkən müayinə olunur. Müayinə zərərsizdir, ona görə lazım olanda təkrar etmək olar — bu, körpədə dəyişiklikləri izləmək üçün rahatdır.

Körpələrdə beyin USM-i nəyi göstərir?

  • beyin mədəciklərinin genişlənməsi — hidrosefaliya;
  • beyinlə kəllə arasındakı maye boşluqlarının genişlənməsi — xarici hidrosefaliya;
  • beyin daxilinə qanaxma, xüsusən vaxtından əvvəl doğulan körpələrdə;
  • kistalar və bəzi anadangəlmə inkişaf qüsurları.

Şunt əməliyyatından sonra mədəciklərin ölçüsünü izləmək üçün də istifadə olunur (bax: VP şunt əməliyyatı).

Nə vaxt MRT lazım olur?

USM beyin haqqında ilkin, amma məhdud məlumat verir: kiçik dəyişiklikləri, beyin toxumasının quruluşunu və dərin beyin strukturlarını o qədər aydın göstərmir. Dəqiq diaqnoz və əməliyyat planı üçün çox vaxt MRT, təcili hallarda isə kompüter tomoqrafiya lazım olur. Əmgək bağlandıqdan sonra isə beyni USM ilə görmək mümkün olmur.

Böyüklərdə Doppler USM

Böyüklərdə isə Doppler USM boyun və beyin damarlarının müayinəsində istifadə olunur. Bu müayinə damarlarda qan axınını göstərir və boyun damarlarının daralmasını aşkar etməyə kömək edir.

Əməliyyat zamanı ultrasəs

Bəzi beyin şişi əməliyyatlarında ultrasəsdən istifadə edirik: o, şişin yerini və dəqiq sərhədlərini görməyə kömək edir. Kəllə açıldıqdan sonra cihaz beynin səthinə qoyulur və şiş ekranda görünür.