Körpələrdə əmgək və baş çevrəsi: nə normaldır, nə vaxt narahat olmalısınız?
Əmgək nə vaxt bağlanır, baş çevrəsi neçə santimetr olmalıdır və nə vaxt narahat olmalı? Normalar, evdə düzgün ölçmə və həkimə müraciət əlamətləri.
Körpəni çimizdirəndə başının təpə hissəsində yüngülcə döyünən yumşaq bir yer hiss edirsiniz — bu, əmgəkdir. Valideynlərin çoxu ilk dəfə ona toxunanda qorxur. Amma həkimlər üçün beynin vəziyyətini anlamağın ən qısa yolu əmgəyə toxunmaqdır. Əmgəklər beynin inkişafı haqqında birbaşa məlumat almaq üçün sanki beynə açılan bir “pəncərədir”. Elə bu “pəncərə” sayəsində körpələrdə beyni ultrasəs ilə müayinə etmək mümkündür. Əmgəklərlə yanaşı baş çevrəsinin böyümə dinamikasını bilərək beyində ola biləcək müxtəlif problemləri erkən aşkarlamaq və vaxtında qarşısını almaq mümkündür.
Əmgək nədir və niyə var?
Yeni doğulmuş uşağın kəllə sümükləri hələ bir-birinə bitişməyib: aralarında elastik tikişlər, tikişlərin kəsişdiyi yerlərdə isə daha geniş, yumşaq sahələr var. Bu sahələrə əmgək deyirik. Doğuş zamanı sümüklər bir-birinin üstünə bir az keçir və baş dar doğuş yolundan rahat çıxır — ona görə bəzi körpələrin başı doğulanda uzunsov görünür və bir neçə günə düzəlir. İlk iki ildə isə açıq tikişlər və əmgəklər kəllənin sürətlə böyüyən beyinlə bərabər böyüməsinə imkan verir.
- Ön (böyük) əmgək — başın təpəsində, alından bir az yuxarıda. Romb formasındadır, doğulanda eni orta hesabla 2 sm-ə yaxın olur. Valideynlərin “əmgək” dedikləri adətən budur.
- Arxa (kiçik) əmgək — başın arxasında, üçbucaq formasında, 1 sm-dən kiçik.
Əmgəyin üstü dərinin altında möhkəm, sıx bir qişa ilə örtülüdür. Yəni beyin orada “açıq” deyil və adi toxunuşdan zədələnmir.
Əmgək nə vaxt bağlanır?
Arxa əmgək adətən 1–2 aylıqda, ön əmgək isə çox vaxt 12–18 ay arasında bağlanır. Bu müddət uşaqdan uşağa xeyli dəyişir: bəzilərində 9–10 aylıqda, bəzilərində 2 yaşa yaxın bağlanır və hər ikisi normal ola bilər. İlk həftələrdə əmgək hətta bir az böyüyə də bilər — doğuşda bir-birinin üstünə keçən sümüklər yerinə qayıdır.
Əmgəyin özündən çox, başın necə böyüdüyü vacibdir: əmgək açıqdır, amma baş çox sürətlə böyüyürsə, buna baxmaq lazımdır. Ön əmgək 2 yaşdan sonra da açıq qalırsa, həkim səbəbini araşdırır. Bəzən bunun arxasında D vitamini çatışmazlığı (raxit), qalxanabənzər vəzin zəif işləməsi, beyində su yığılması və ya genetik hallar dayanır.
Əmgəkdə nə normaldır, nə yox?
Uşaq sakit olanda və dik tutulanda ön əmgək barmağın altında yumşaq, düz və ya bir az çökək hiss olunur. Yüngül döyünmə də normaldır: bu, damarlardan əmgəyə ötürülən ürək vurğusudur. Ağlayanda, öskürəndə, qusanda və ya uzananda əmgək bir az qabarır, sakitləşib dik oturanda isə yenidən yumşalır.
Diqqət etməli iki vəziyyət var:
- Qabarıq və gərgin əmgək. Uşaq sakit və dik olanda da əmgək qalxıq və bərk qalırsa, bu, kəllə daxilində təzyiqin artmasının əlaməti ola bilər.
- Çox çökmüş əmgək. Adətən uşağın su itirdiyini göstərir: qusma, ishal, az içmə.
Baş necə böyüyür?
Başın böyüməsi beynin böyüməsini göstərir və ilk iki il bunun ən sürətli dövrüdür. Doğulanda başın çevrəsi orta hesabla 34–35 sm olur, sonra təxminən belə böyüyür:
- ilk 3 ay — ayda təxminən 2 sm;
- 3–6 ay — ayda təxminən 1 sm;
- 6–12 ay — ayda təxminən 0,5 sm;
- 1–2 yaş — bütün il ərzində cəmi 2 sm-ə yaxın.
Yəni ilk ildə baş təxminən 12 sm böyüyür və 1 yaşda çevrə adətən 45–46 sm-ə çatır. 2 yaşda uşağın başı böyük adamın başının ölçüsünün 80%-dən çoxuna çatır. Oğlanların başı qızlarınkından orta hesabla 1 sm-ə yaxın böyük olur, ona görə onların cədvəlləri ayrıdır.
Vaxtından əvvəl doğulan körpələrdə 2 yaşa qədər düzəldilmiş yaş götürülür. Məsələn, 32 həftəlik doğulan uşaq 8 həftə tez doğulub: o, 6 aylıq olanda onun başını 4 aylıq körpələrin göstəriciləri ilə müqayisə edirik.
Baş çevrəsi necə ölçülür?

Lent başın ən geniş yerindən — öndə alının üstündən, yanlarda qulaqların üstündən keçir.
Həkim başın ən geniş yerini ölçür — bu, bir dəqiqə çəkir və ağrısızdır. İlk ildə hər planlı müayinədə, 2 yaşa qədər isə müntəzəm ölçülməlidir. Həkim ölçməyibsə, xahiş etməkdən çəkinməyin.
Evdə ölçmək istəsəniz:
- Uzanmayan lent götürün — kağız və ya plastik santimetr. Köhnə parça santimetr uzanır və səhv göstərir.
- Lenti alının ən qabarıq yerindən (qaşların bir az üstündən), qulaqların üstündən və başın arxasının ən çıxıq yerindən keçirin.
- Lent başa sıx otursun, amma dərini sıxmasın. Saçda sancaq, rezin və ya hörük varsa, əvvəlcə açın.
- Uşaq sakit olanda 2–3 dəfə ölçün və ən böyük rəqəmi yazın.
Evdəki ölçmə ilə həkimdəki ölçmə arasında 0,5–1 sm fərq tez-tez olur, ona görə bir ölçməyə görə narahat olmayın.
Baş çevrəsi normaldırmı?
Ölçülən rəqəm Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) böyümə cədvəli ilə müqayisə olunur. Cədvəldə hər yaş üçün normal aralıq var: sağlam uşaqların böyük əksəriyyətinin baş çevrəsi bu aralığın içində olur. Aralığın ortası həmin yaşda orta ölçüdür — ondan bir az kiçik və ya böyük olmaq “pis” və ya “yaxşı” demək deyil.
Amma vacib olan tək ölçmə yox, böyümə xəttidir. Sağlam uşaq adətən ilk aylarda bir xətt tutur və təxminən onun üzəri ilə böyüyür: başı hər müayinədə orta ölçüdən eyni qədər kiçikdirsə, bu normaldır, baş kiçik sayılmır.
Bu hallarda isə diqqətli olmaq lazımdır:
- baş öz xəttindən xeyli yuxarı qalxır, yəni yaşıdlarına nisbətən sürətlə böyüyür;
- böyümə yavaşlayır və uşaq öz xəttindən aşağı düşür;
- ölçü normal aralıqdan yuxarı və ya aşağıdır.
Uşağınızın ölçülərini baş çevrəsi qrafikində yazıb ÜST normaları ilə müqayisə edə bilərsiniz.
Baş böyük və ya kiçik olanda nə ola bilər?
Böyük baş (makrosefaliya) çox vaxt ailəvi olur. Atanın və ya ananın başı da böyükdürsə, uşağın başının normal aralığın yuxarı həddinə yaxın və ya ondan bir az böyük olması təəccüblü deyil — ona görə həkim bəzən valideynlərin də başını ölçür. Belə uşaqlar öz xətti ilə sabit böyüyür, inkişafları normal gedir.
Körpələrdə tez-tez gördüyümüz daha bir hal: beyni əhatə edən maye boşluqları bir az geniş olur. Baş ilk aylarda yaşıdlarından sürətli böyüyə bilər, amma uşaq yaxşı inkişaf edir, başqa əlamət olmur və adətən 2 yaşa qədər hər şey özü qaydasına düşür. Bunu yalnız həkim müayinə və görüntüləmə ilə dəqiqləşdirə bilər.
Ciddi səbəblər daha az rast gəlinir, amma onları vaxtında tutmaq lazımdır: hidrosefaliya (beyində maye yığılması), beyin qişaları altında maye və ya qan yığılması, nadir hallarda isə beyin şişləri, metabolik və genetik xəstəliklər.
Kiçik baş (mikrosefaliya) da bəzən ailəvi olur və uşaq tam normal inkişaf edir. Amma başın kiçik olması və ya böyümənin dayanması beyin inkişafında problemlərə, hamiləlik dövründəki infeksiyalara, doğuşda oksigen çatışmazlığına və ya genetik hallara işarə ola bilər.
Kraniosinostoz — kəllə tikişlərindən birinin və ya bir neçəsinin vaxtından əvvəl bitişməsidir. Bu zaman başın forması dəyişir: uzunsov, öndən üçbucaq kimi və ya bir tərəfə əyik olur. Çox vaxt əməliyyat lazımdır; erkən yaşda edilən əməliyyat həm daha yüngül keçir, həm də nəticəsi daha yaxşı olur.
Nə vaxt həkimə müraciət etməli?
Əgər aşağıdakı halların biri və ya bir neçəsi ilə qarşılaşsanız uşaq nevroloqu və ya neyrocərraha müraciət etməlisiniz:
- əmgək uşaq sakit və dik olanda da qabarıq və bərkdirsə, yanaşı olaraq qusma, qızdırma, yuxululuq, adi olmayan ağlama və ya qıcolma varsa;
- gözlər aşağı baxır və qara hissənin üstündə ağ görünür (“batan günəş” əlaməti);
- əmgək çox çöküb, uşağın ağzı quruyub, bezləri həmişəkindən az islanır, uşaq halsızdır;
- uşaq çox dərin yatır və oyatmaq çətindir;
- başı sürətlə böyüyür;
- başın dərisində damarlar get-gedə daha çox görünür;
- başın forması qəribədir və ya tədricən dəyişir;
- ön əmgək 2 yaşdan sonra da açıqdır;
- uşaq yaşıdlarından geri qalır: vaxtında başını saxlamır, oturmur, səslərə reaksiya vermir.
Bütün bu sadalananlar bu və ya digər şəkildə beyin zədələnməsinin erkən əlaməti ola bilər. Ona görə də belə hallarla qarşılaşan valideynlər dərhal mütəxəssislə məsləhətləşməlidirlər.
Valideynlərin tez-tez verdiyi suallar
Əmgəyə toxunmaq olar?
Olar. Başı yumaq, daramaq, sığallamaq təhlükəsizdir, əmgəyin üstündəki qişa möhkəmdir. Yalnız barmaqla möhkəm basıb saxlamayın.
D vitamini əmgəyi vaxtından əvvəl bağlayır?
Yox. Həkimin təyin etdiyi profilaktik dozada D vitamini əmgəyi tez bağlamır. Əksinə, D vitamini çatışmazlığı (raxit) əmgəyin gec bağlanmasına səbəb ola bilər.
Əmgək tez bağlanıb. Beyin böyüməyəcək?
Böyüyəcək. Əmgək bağlansa da, kəllə tikişləri hələ uzun müddət açıq qalır və beyin böyüməyə davam edir. Baş öz xətti ilə böyüyürsə və forması düzgündürsə, narahat olmaq lazım deyil.
Körpənin başının arxası yastılaşıb. Bu təhlükəlidir?
Çox vaxt yox. Arxası üstə yatan körpələrdə başın arxası və ya bir tərəfi yastılaşa bilər; bu, beynin inkişafına təsir etmir. Oyaq olanda uşağı nəzarət altında qarnı üstə uzadın, yatağında başını növbə ilə hər iki tərəfə çevirin. Forma bir neçə aya düzəlmirsə və ya alın, qulaqlar da yerindən sürüşübsə, həkimə göstərin: bunu kraniosinostozdan fərqləndirmək lazımdır.
Evdə hər həftə baş çevrəsi ölçməliyəm?
Ehtiyac yoxdur: sağlam uşaqda həkimin planlı ölçmələri bəs edir, həkim izləməyi tövsiyə edibsə, onun dediyi tezliklə ölçün.
Digər məqalələr
- Kraniosinostozda endoskopik əməliyyat və dəbilqə müalicəsi17 oktyabr 2026→
- Körpələrdə xarici hidrosefaliya: nədir və təhlükəlidirmi?16 oktyabr 2026→
- Şunt əməliyyatı (VP şunt): necə aparılır və sonra nələrə diqqət etməli?15 oktyabr 2026→
- Beldən ayağa vuran ağrı: oturaq sinirin sıxılması13 oktyabr 2026→
- Protruziya, ekstruziya, sekvestr: MRT rəyində yazılanlar nə deməkdir?27 sentyabr 2026→
- Uşaqlarda kəllə-beyin travmasıYenilənib: 16 oktyabr 2026→
- Hamiləlikdə bel ağrılarıYenilənib: 16 oktyabr 2026→
- Hidrosefaliyanın müalicəsi: şuntlama yoxsa endoskopik əməliyyat?Yenilənib: 17 oktyabr 2026→
- Uşaqlarda kəllədaxili təzyiqin artmasıYenilənib: 16 oktyabr 2026→