Ruslan YunusovNeyrocərrahQəbula yazıl

Körpələrdə xarici hidrosefaliya: nədir və təhlükəlidirmi?

Körpənin başı böyükdür, USM rəyində xarici hidrosefaliya yazılıb? Bunun nə demək olduğu, əsl hidrosefaliyadan fərqi, izlənməsi və nə vaxt təcili həkimə getməli.

Xarici hidrosefaliya körpələrdə başın böyük olması ilə özünü büruzə verən və adətən heç bir müalicə olmadan düzələn bir haldır. Burada maye beynin içindəki boşluqlarda yox, beynin xaricində, beyinlə kəllə sümüyü arasındakı nazik boşluqda toplanır. Adında “hidrosefaliya” sözü olsa da, bu, əməliyyat tələb edən əsl hidrosefaliya deyil: uşaq izlənilir və çox vaxt 2 yaş ətrafında hər şey öz-özünə qaydasına düşür.

Körpə başının üfüqi kəsiyi: solda xarici hidrosefaliya — maye beyinlə kəllə arasında, sağda hidrosefaliya — maye genişlənmiş mədəciklərdə

Solda: xarici hidrosefaliya — maye beynin üstündə, xüsusilə alın tərəfdə toplanıb, beynin içindəki mədəciklər normaldır. Sağda: hidrosefaliya — maye beynin içindəki mədəciklərdə yığılıb, onları genişləndirib və beyin toxumasını içəridən sıxır.

Xarici hidrosefaliya nədir?

Beyin kəllənin içində şəffaf bir maye — beyin-onurğa beyni mayesi ilə əhatələnib. Bu maye həm beynin içindəki boşluqlarda (mədəciklərdə), həm də beynin səthi ilə kəllə arasındakı nazik təbəqədə olur. Xarici hidrosefaliyada beynin səthindəki bu boşluq — subaraxnoid boşluq — xüsusilə alın nahiyəsində genişlənir, mədəciklər isə normal və ya bir qədər geniş olur.

Adətən 2 yaşına qədər olan uşaqlarda və əsasən oğlanlarda rast gəlinir. Çox vaxt ilk ildə, baş çevrəsi ölçüləndə başın yaşıdlarından sürətli böyüdüyü görünəndə aşkarlanır. Öz-özünə düzəldiyi üçün ona xoşxassəli xarici hidrosefaliya da deyilir.

Xarici hidrosefaliya niyə yaranır?

Yaranma səbəbləri dəqiq bilinmir. Ən çox qəbul olunan nəzəriyyəyə görə, körpədə mayenin qana sorulduğu yollar ilk aylarda hələ tam yetişməmiş olur. Maye bir az gec sorulur və beynin ətrafına toplanır. Kəllə sümükləri hələ bitişmədiyi üçün baş bir az böyüyür, beyin isə sıxılmır. Sorulma yolları inkişaf etdikcə maye də yavaş-yavaş azalır.

Bu hal tez-tez ailəvi olur: belə körpələrin atasının və ya anasının başı da çox vaxt böyük olur. Bəzi hallar isə xarici hidrosefaliyanın yaranma ehtimalını artırır: vaxtından əvvəl doğulma, keçirilmiş beyin qanaxması, meningit, metabolik xəstəliklər, steroid müalicəsi, travma və s.

Hansı əlamətlərlə özünü göstərir?

Ən xarakterik əlamət başın böyük və alnın geniş olmasıdır. Baş çevrəsi ölçüləndə baş öz böyümə xəttindən yuxarı qalxır, yəni yaşıdlarına nisbətən sürətlə böyüyür. Əmgək hidrosefaliyalı uşaqlardakı kimi çox geniş və qabarıq olmur, amma bir qədər gərgin ola bilər.

Bəzi körpələrdə süstlük, əqli və fiziki inkişafda ləngimə ola bilər: belə uşaqlar yaşıdlarından gec başını saxlayır, gec oturur, gec danışır. Hərəkət inkişafındakı ləngimənin bir səbəbi də böyük və ağır başı saxlamağın körpəyə çətin olmasıdır. Amma bu ləngimə əksər hallarda 2 yaşından sonra tamamilə düzəlir.

Bir çox körpədə isə başın böyük olmasından başqa heç bir əlamət olmur: uşaq şəndir, normal qidalanır və yaşına uyğun inkişaf edir.

Hidrosefaliyadan nə ilə fərqlənir?

Adları oxşar olsa da, bunlar fərqli vəziyyətlərdir və yanaşma da fərqlidir:

  • Mayenin yeri. Xarici hidrosefaliyada maye beynin xaricində, beyinlə kəllə arasında toplanır. Hidrosefaliyada isə maye beynin içindəki mədəciklərdə yığılır və onları genişləndirir.
  • Təzyiq. Xarici hidrosefaliyada kəllədaxili təzyiq artmır, beyin sıxılmır. Hidrosefaliyada təzyiq artır və beyin toxuması içəridən sıxılır.
  • Əlamətlər. Xarici hidrosefaliyada başın böyük olması çox vaxt yeganə əlamətdir. Hidrosefaliyada isə qusma, əmgəyin qabarıb bərkiməsi, gözlərin aşağı çevrilməsi (“batan günəş” əlaməti), yuxululuq kimi təzyiq əlamətləri olur.
  • Gedişi. Xarici hidrosefaliya çox vaxt 2 yaş ətrafında öz-özünə keçir. Hidrosefaliya isə adətən öz-özünə keçmir və çox vaxt əməliyyat tələb edir.

Bəzən xarici hidrosefaliyada da mədəciklər bir qədər geniş görünür və bu, valideynləri qorxudur. Bu iki vəziyyəti bir-birindən müayinə və görüntüləmənin nəticələrinə görə həkim ayırd edir.

Diaqnoz necə qoyulur?

Xarici hidrosefaliyanın diaqnozunu USM, KT və ya MRT ilə asanlıqla qoymaq mümkündür. Əmgək açıq olan körpədə ilk müayinə adətən əmgəkdən edilən ultrasəs müayinəsidir: şüasızdır, narkoz tələb etmir və asanlıqla təkrarlanır. Daha dəqiq görüntü lazım olanda MRT çəkilir. KT şüa verdiyi üçün körpələrdə yalnız zəruri hallarda istifadə olunur.

Görüntüdə beynin xaricində, əsasən alın payları ətrafında maye artımı görünür, mədəciklər normal və ya bir qədər geniş olur, amma kəllədaxili təzyiqin artmasına dair bariz əlamətlər olmur.

İzləmədə ən vacib məlumat isə baş çevrəsinin ay-ay necə dəyişməsidir. Ölçdüyünüz rəqəmləri baş çevrəsi qrafikində yazıb həkimə göstərə bilərsiniz. Başı evdə necə düzgün ölçmək lazım olduğunu körpələrdə əmgək və baş çevrəsi məqaləsində yazmışam.

Necə müalicə olunur?

Əksər hallarda 2 yaşından sonra beyin ətrafındakı maye çəkilir və uşağın inkişafı yaşına uyğun davam edir. Müalicə qərarı körpənin baş çevrəsinin hər ay ölçülməsinə və nevroloji müayinəsinə əsasən verilir. Baş çevrəsi normal hüdudlardan çox kənara çıxmadığı müddətcə müalicəyə ehtiyac olmur. Yəni çox vaxt “müalicə” izləmədir: həkim başı ölçür, əmgəyə və uşağın inkişafına baxır, lazım olanda USM-i təkrarlayır.

Nadir hallarda dərman müalicəsinə ehtiyac olur: beyində əmələ gələn mayenin miqdarını azaldan dərmanlar işlədilir. Çox nadir hallarda beyin ətrafındakı maye getdikcə artır və beyni sıxırsa, əməliyyat lazım olur. Bu zaman şuntlama əməliyyatı ilə artıq maye qarın boşluğuna yönləndirilir. Dərmanı və ya əməliyyatı yalnız həkim, müayinənin nəticələrinə görə təyin edir.

Uşaq yaşıdlarına çatacaqmı?

Proqnozu yaxşıdır. Heç bir müalicə olmadan da bu körpələrin əksəriyyəti 2 yaşından sonra əqli və fiziki inkişafda yaşıdlarına çatır. Az sayda uşaqda inkişaf ləngiməsi daha uzun sürə bilər, ona görə həkim uşağın inkişafını 2 yaşdan sonra da izləməyi tövsiyə edə bilər.

Qəbulda ən çox nə soruşulur?

USM rəyində “xarici hidrosefaliya” yazılıb. Uşağa əməliyyat lazım olacaq?

Əksər hallarda yox. Rəy yalnız görüntünü təsvir edir, qərar isə uşağın müayinəsinə və başın necə böyüdüyünə görə verilir. Rəyi baş çevrəsi ölçmələri ilə birlikdə uşaq nevroloquna və ya neyrocərraha göstərin. Baş öz xətti ilə böyüyürsə, uşaq yaşına uyğun inkişaf edirsə və təzyiq əlamətləri yoxdursa, yalnız izləmə kifayətdir.

Hər ay MRT çəkdirmək lazımdır?

Xeyr. İzləmənin əsası baş çevrəsinin ölçülməsi və həkim müayinəsidir. Əmgək açıq olduqca lazım olanda USM təkrarlanır. MRT-ni həkim yalnız ehtiyac gördükdə təyin edir.

Maye çəkiləndən sonra uşağın başı kiçiləcək?

Çox vaxt yox: maye çəkildikdən sonra da baş yaşıdlarınınkından bir az böyük qalır, xüsusilə ailədə böyük baş varsa. Bu, tək başına problem deyil. Vacib olan başın öz xətti ilə sabit böyüməsi və uşağın yaşına uyğun inkişaf etməsidir.

Nə vaxt təcili həkimə müraciət etmək lazımdır?

Xarici hidrosefaliya diaqnozu qoyulmuş körpədə aşağıdakılardan biri varsa, növbəti planlı müayinəni gözləmədən həkimə müraciət edin:

  • əmgək uşaq sakit və dik olanda da qabarıq və bərkdir;
  • təkrarlanan qusma, əmməkdən imtina;
  • uşaq həddən artıq yuxuludur, oyatmaq çətindir, yaxud səbəbsiz və dayanmadan ağlayır;
  • qıcolma;
  • gözlər aşağı baxır, qara hissənin üstündə ağ zolaq görünür (“batan günəş” əlaməti);
  • baş ölçmələr arasında əvvəlkindən daha sürətlə böyüyür;
  • uşaq əvvəl bacardığı hərəkətləri itirir, məsələn, başını saxlayırdı, indi saxlamır;
  • yıxılma və ya zərbədən sonra uşaq qusur, yuxululaşır və ya özünü adi halından fərqli aparır.

Xarici hidrosefaliyada beyinlə kəllə arasındakı boşluq geniş olduğu üçün oradan keçən nazik venalar bir az dartılır. Ona görə nadir hallarda, bəzən kiçik zərbədən sonra, beyin qişasının altına qan sıza bilər (subdural hematoma). Yuxarıdakı əlamətlər mayenin artdığını, təzyiqin yüksəldiyini və ya qanaxmanı göstərə bilər. Bunu yalnız həkim müayinə edib ayırd edə bilər.