Ruslan YunusovNeyrocərrahQəbula yazıl

Şunt əməliyyatı (VP şunt): necə aparılır və sonra nələrə diqqət etməli?

VP şunt əməliyyatı necə aparılır, neçə gün xəstəxanada qalınır, şunt sonradan hansı problemlər yarada bilər və hansı əlamətlərdə təcili həkimə getməli.

Ventrikuloperitoneal şunt (qısaca VP şunt) beyin mədəciklərində yığılan artıq mayeni nazik silikon borularla dərinin altından qarın boşluğuna axıdan sistemdir. V/P şuntlama hidrosefaliya zamanı ən çox icra olunan əməliyyatdır. Şuntun işləmədiyini göstərən əlamətləri bilmək vacibdir — onları məqalənin sonunda sadalamışam.

Hidrosefaliyanın özü haqqında xəstəlik səhifəsində, şunt və endoskopik əməliyyat arasında seçim haqqında isə ayrıca məqalədə yazmışıq.

Kompüter tomoqrafiyası: şuntdan əvvəl genişlənmiş beyin mədəcikləri, şuntdan sonra kiçilmiş mədəciklər və mədəcikdə şuntun ucu

Kompüter tomoqrafiyası: solda — əməliyyatdan əvvəl, beyin mədəcikləri (ortadakı tünd sahələr) genişlənib; sağda — VP şunt qoyulduqdan sonra mədəciklər kiçilib. Ağ xətt şuntun mədəcikdəki üst ucudur.

VP şunt nədir və nə üçün qoyulur?

Şuntlama sözü hərfi mənada “bir boşluqdan digər boşluğa daşıma” deməkdir. Beyin mədəciklərində beyin-onurğa beyni mayesi (BOM) daim yaranır və qana sorulur. Hidrosefaliyada bu tarazlıq pozulur, mədəciklər genişlənir və beyni içəridən sıxır. Ona görə də əməliyyatla beyin mayesi onu sora biləcək başqa boşluqlara axıdılır. Qarın boşluğunu örtən nazik pərdə (periton) mayeni asanlıqla sorur, ona görə maye ən çox ora axıdılır. Bu mümkün olmayanda maye ürəyə və ya döş qəfəsi boşluğuna yönəldilir.

VP şunt həm körpələrə, həm böyük uşaqlara, həm də böyüklərə qoyulur. Məsələn, yaşlılarda normal təzyiqli hidrosefaliyanın əsas müalicəsi də şuntlamadır.

Şunt hansı hissələrdən ibarətdir?

Ventrikuloperitoneal şuntlar 2 mm diametrində incə silikon borulardır və adətən 3 hissədən ibarət olur:

  • Üst uc — beyin mədəciyinə yerləşdirilən boru.
  • Klapanlı rezervuar (pompa) — başda, dərinin altında yerləşir. Klapan mayeni yalnız bir istiqamətdə, beyindən qarına doğru buraxır.
  • Alt uc — qarın boşluğuna uzanan boru.

V/P şuntların fərqli xüsusiyyətlərə malik müxtəlif növləri var. Klapanın açılış təzyiqindən və anti-sifon xüsusiyyətindən asılı olaraq normal təzyiqli, aşağı təzyiqli, yüksək təzyiqli, təzyiqi tənzimlənə bilən, anti-sifon cihazlı və s. şuntlar mövcuddur. Anti-sifon cihazı insan ayağa qalxanda mayenin həddindən çox axmasının qarşısını alır. Təzyiqi tənzimlənə bilən klapanlarda isə təzyiq əməliyyatdan sonra dərinin üstündən xüsusi maqnitlə dəyişdirilir, bunun üçün yeni əməliyyat lazım olmur.

Hansı xəstəyə hansı şuntun qoyulması hidrosefaliyanın səbəbindən, beyin toxumasının qalınlığından və xəstəliyin nə qədər davam etməsindən asılıdır.

Əməliyyat necə aparılır?

Ventrikuloperitoneal şuntlama əməliyyatı ümumi anesteziya altında icra olunur və təxminən 40–50 dəqiqə davam edir. Əməliyyatın gedişi belədir:

  1. Başda 2–3 sm-lik kəsik edilir, kəllə sümüyündə kiçik dəlik açılır və üst uc beyin mədəciyinə yerləşdirilir.
  2. Qarında, göbəyin yanında 2 sm-lik kəsik edilir və alt uc dərinin altı ilə başdan qarına doğru keçirilir.
  3. Üst uc və alt uc başda klapanlı rezervuarla birləşdirilir.
  4. Alt uc qarın boşluğuna yerləşdirilir və dəri kəsikləri tikilir.

Əməliyyatdan sonra silikon borular kənardan görünmür, amma onları dərinin altında əllə hiss etmək mümkündür.

Əməliyyat zamanı: başda dərinin altına yerləşdirilən klapanlı rezervuar, ona birləşdirilmiş alt uc və alt ucu dərinin altı ilə keçirən alət

Əməliyyat zamanı: klapanlı rezervuar başda, dərinin altında yerləşdirilir və alt uca birləşdirilir. Alt uc daşıyıcısı silikon borunu dərinin altı ilə bədənə doğru keçirmək üçün istifadə olunan alətdir.

Əməliyyatdan sonra sağalma necə keçir?

V/P şuntlama əməliyyatından 1 gün sonra xəstələr aktivləşdirilir, 2–3 gün sonra isə adətən evə yazılır. Tikişlər əməliyyatdan 12–15 gün sonra alınır. Evə yazıldıqdan sonra 3–4 gün yaralara sarğı qoyulur, daha sonra açıq buraxılır. Əməliyyatdan 5 gün sonra yuyunmağa icazə verilir.

Evə yazılarkən xəstə yaxınlarına şuntun və klapanlı rezervuarın (pompanın) necə işlədiyi izah olunur. Adətən 10 günlük ağrıkəsici və antibiotik dərmanlar təyin edilir. Heç bir pəhriz tələb olunmur.

Xəstələr adətən əməliyyatdan 1 ay, 3 ay və 6 ay sonra, daha sonra isə 6 ayda bir kontrola çağırılır. Kontrolda xəstəni müayinə edir, lazım olduqda kompüter tomoqrafiyası və ya MRT ilə mədəciklərin ölçüsünə baxırıq.

Şuntun hansı fəsadları ola bilər?

Ventrikuloperitoneal şuntlama adətən fəsadsız keçən əməliyyatlardandır, ağırlaşmalar çox nadir hallarda görülür. Buna baxmayaraq, hər əməliyyatda olduğu kimi, bu əməliyyatda da qanaxma və infeksiya riski var. Bundan başqa, ümumi anesteziyanın yan təsirləri kimi tənəffüs problemləri, ürək ritmində və qan təzyiqində dəyişikliklər görülə bilər.

V/P şuntlama beyində maye yığılmasının müalicəsində ən effektli üsul olsa da, orqanizmə qoyulan bu yad cisim sonralar bəzi ağırlaşmalara səbəb ola bilər:

  • Tıxanma — ən çox rast gəlinən problemdir, xüsusən ilk 1–2 ildə. Çox vaxt mədəcikdəki üst uc tıxanır.
  • Mexaniki pozulma — borunun qırılması, hissələrin bir-birindən ayrılması və ya ucun yerindən çıxması. Uşaq böyüdükcə alt uc qısa qala bilər.
  • İnfeksiya — adətən ilk aylarda olur. Şunt çox vaxt müvəqqəti çıxarılır, infeksiya müalicə olunur, sonra yeni şunt qoyulur.
  • Mayenin həddindən çox axması (overdrenaj) — mədəciklər lazım olduğundan çox kiçilir. Bu, ayağa qalxanda güclənən, uzananda azalan baş ağrısı ilə özünü göstərə bilər. Belə hallarda klapanın təzyiqi dəyişdirilir və ya klapan əvəz olunur.

Şuntu olan uşaqların çoxu həyatı boyu ən azı bir dəfə təkrar əməliyyata ehtiyac duyur. Bu, müalicənin uğursuz olduğunu göstərmir: şunt süni cihazdır və vaxtında aşkarlanan problem çox vaxt təkrar əməliyyatla aradan qaldırılır.

Şuntla necə yaşamaq olar?

Şunt dərinin altında olur və xüsusi qulluq tələb etmir. Şunt qoyulan uşaqların çoxu yaşıdları kimi bağçaya, məktəbə gedir, oynayır.

Şuntu olan uşaqlara adətən ağır fiziki güc tələb edən və kontakt idman növləri ilə məşğul olmaq tövsiyə olunmur, çünki bu cür idman növləri şuntun tamlığına və işləyişinə mənfi təsir edə bilər.

Hər hansı həkimə, xüsusən MRT-dən və qarın əməliyyatından əvvəl, şuntunuzun olduğunu deyin. Klapan təzyiqi tənzimlənən növdürsə, MRT-dən sonra onun tənzimi yoxlanılır, çünki güclü maqnit təzyiqi dəyişə bilər.

Qəbulda ən çox nə soruşulur?

Şunt ömürlükdür?

Bəli, əksər hallarda xəstəyə şunt qoyulursa, bu ömürlükdür.

Pompanı özümüz basmalıyıq?

Xeyr. Yalnız xüsusi hallarda, şuntun işlədiyini yoxlamaq məqsədi ilə pompaya basmaq lazımdır.

Şuntlama əməliyyatından sonra uşaqda əlavə fəsadlar əmələ gələcək?

Əksər hallarda yox: şuntlama əməliyyatı çox vaxt fəsadsız olur və şuntun qoyulduğu bölgə vacib beyin mərkəzlərindən uzaq olur.

Şuntla təyyarəyə minmək olar?

Bəli, şuntu olan xəstələr rahatlıqla təyyarəyə minərək səyahət edə bilərlər.

Nə vaxt təcili həkimə müraciət etmək lazımdır?

Hər bir ağırlaşma zamanı şunt düzgün işləmədiyinə görə kəllədaxili təzyiq artır və xəstədə hidrosefaliyanın əlamətləri yenidən əmələ gəlir. Aşağıdakı əlamətlərdən biri varsa, növbəti kontrolu gözləməyin.

Böyük uşaqlarda və böyüklərdə:

  • güclü baş ağrısı, ürəkbulanma və təkrarlanan qusma,
  • yuxululuq, halsızlıq, oyatmaqda çətinlik,
  • göz hərəkətlərində pozulmalar, ikili görmə, görmənin qəfil pisləşməsi,
  • qıcolma tutmaları,
  • şunt pompasının çətin basılması və basılı qalması,
  • yaşlılarda yerişin, yaddaşın və ya sidik saxlamağın yenidən pisləşməsi.

Körpələrdə:

  • əmgəyin qabarıb gərginləşməsi, başın sürətlə böyüməsi,
  • gözlərin aşağı çevrilməsi (“batan günəş” əlaməti),
  • qusma, zəif əmmə, səbəbsiz ağlama və ya qeyri-adi yuxululuq.

Hər yaşda — infeksiya əlamətləri: yüksək hərarət, şunt boyunca qızartı və şişkinlik, yaradan maye sızması, qarın ağrısı və qarnın şişməsi.

Belə hallarda ən yaxın təcili yardım şöbəsinə müraciət edin və həkimə şuntun olduğunu mütləq deyin. Şunt problemi bəzən bir neçə saat ərzində ağırlaşır, ona görə gecikmək olmaz.