Epilepsiya cərrahiyyəsi
Dərmana cavab verməyən epilepsiyada əməliyyat: kimə uyğundur, əməliyyatdan əvvəl hansı müayinələr aparılır, əməliyyat növləri, nəticələr və risklər.
Epilepsiya cərrahiyyəsi nədir?
Epilepsiya cərrahiyyəsi dərmanlara baxmayaraq davam edən tutmaları dayandırmaq və ya azaltmaq üçün aparılan əməliyyatlardır. Əməliyyat zamanı tutmaların başladığı beyin sahəsi çıxarılır, beynin qalan hissəsindən ayrılır və ya xüsusi cihazla tənzimlənir. Düzgün seçilmiş xəstələrin çoxunda tutmalar tam dayanır.
Epilepsiya beyində qəfil, anormal elektrik boşalmaları nəticəsində təkrarlanan tutmalarla (qıcolmalarla) özünü göstərən xəstəlikdir. Tutma həmişə özünü bədənin titrəməsi ilə göstərməyə bilər. Belə ki, qısa “donma”, baxışın bir nöqtəyə dikilməsi, çeynəmə hərəkətləri və ya mənasız əl hərəkətləri də tutma ola bilər. Xəstələrin təxminən üçdə ikisində tutmalar dərmanla dayanır. Qalan hər üç xəstədən birində dərmanlar kömək etmir – əməliyyat əsasən bu xəstələr üçündür.

Solda: beynin yandan görünüşü, gicgah payı rənglə seçilib. Sağda: beynin gicgah payları səviyyəsindən kəsiyi. Bir tərəfdə hippokamp nazikləşib və çapıqlaşıb (hippokamp sklerozu), yanındakı maye boşluğu genişlənib; qarşı tərəfdəki hippokamp normaldır.
Dərmana davamlı epilepsiya nədir?
Düzgün seçilmiş iki dərman kifayət qədər dozada və müntəzəm qəbul edilib, amma tutmalar dayanmayıbsa, epilepsiya dərmana davamlı sayılır. Belə xəstələrdə növbəti dərmanların tutmaları tam dayandırma ehtimalı azdır. Ona görə də iki dərman kömək etmədisə, illərlə dərman dəyişib gözləmək əvəzinə əməliyyat imkanını qiymətləndirmək lazımdır.
Bəzən epilepsiya yalnız dərmana davamlı kimi özünü göstərir, amma bu başqa səbəblərə görə belə olur: dərman vaxtında içilmir, doza azdır, yuxusuzluq və ya spirtli içki tutmaları təhrik edir, ya da tutmalar ümumiyyətlə epileptik deyil. Bunlar əməliyyatdan əvvəl mütləq ayırd edilir.
Kimə əməliyyat kömək edə bilər?
Əməliyyatdan ən çox tutmaları beynin bir sahəsindən başlayan (fokal epilepsiya) xəstələr fayda görür. Əsas şərt budur: tutma ocağı dəqiq tapılmalı və onu çıxarmaq danışıq, hərəkət, görmə kimi vacib funksiyaları pozmamalıdır. Belə ocağın ən çox rast gəlinən səbəbləri bunlardır:
- Hippokamp sklerozu (mezial temporal skleroz) – gicgah payının daxili hissəsində yerləşən və yaddaşla bağlı olan hippokampın (dənizatı qırışığının) çapıqlaşması. Böyüklərdə əməliyyat olunan epilepsiyanın ən çox rast gəlinən səbəbidir. Belə xəstələrin çoxunda uşaqlıqda yüksək hərarətlə uzun sürən qıcolma olub.
- Yavaş böyüyən beyin şişləri – çox vaxt uzun illər yalnız tutma ilə özünü göstərir.
- Kavernoma – beyində tut və ya moruq gilələrinə bənzəyən kiçik damar yumağı.
- Kortikal displaziya – beyin qabığının anadangəlmə inkişaf qüsuru. Uşaqlarda dərmana davamlı epilepsiyanın əsas səbəblərindəndir.
- Çapıq – travma, insult və ya infeksiyadan sonra beyində qalan zədə sahəsi.
Tutmaları bütün beyində eyni vaxtda başlayan (ümumiləşmiş) epilepsiyalarda çıxarılacaq ocaq olmur. Belə hallarda tutmaları azaldan əməliyyatlar düşünülə bilər.
Əməliyyatı gecikdirməmək vacibdir. Davam edən tutmalar yıxılma, travma və yaddaş pozğunluğu riskini, nadir hallarda isə yuxuda qəfil ölüm riskini artırır, uşaqlarda inkişafı ləngidir.
Əməliyyatdan əvvəl hansı müayinələr aparılır?
Əməliyyatın uğuru tutma ocağının nə qədər dəqiq tapılmasından asılıdır. Ona görə də müayinələr ətraflı aparılır:
- Epilepsiya protokolu ilə MRT – nazik kəsiklərlə çəkilir və adi MRT-də görünməyən kiçik dəyişiklikləri (hippokamp sklerozu, displaziya) aşkarlayır.
- Video-EEQ monitorinqi – xəstə bir neçə gün xəstəxanada qalır, tutma eyni vaxtda həm videoya, həm də EEQ-yə yazılır. Bu müayinə tutmaların epileptik olduğunu və hansı sahədən başladığını göstərir.
- Neyropsixoloji müayinə – yaddaş, diqqət və danışıq qiymətləndirilir, əməliyyatın bu funksiyalara təsiri əvvəlcədən təxmin edilir.
- Əlavə müayinələr – lazım olduqda PET, SPECT və danışıq mərkəzinin yerini göstərən funksional MRT.
Bu müayinələrdən sonra da ocaq dəqiq tapılmırsa, beynə nazik elektrodlar yerləşdirilir və tutmalar birbaşa beynin içindən yazılır (stereo-EEQ). Əməliyyat qərarını nevroloq, neyrocərrah və radioloq birlikdə verir.
Epilepsiya əməliyyatının hansı növləri var?
- Gicgah payı əməliyyatı (temporal lobektomiya və amiqdalohippokampektomiya) – ən çox aparılan əməliyyatdır. Gicgah payının ön hissəsi və onun daxili strukturları – hippokamp və amiqdala – çıxarılır.
- Ocağın çıxarılması – şiş, kavernoma və ya displaziya sahəsi mikroskop altında çıxarılır.
- Hemisferotomiya – bir beyin yarımkürəsi geniş zədələnmiş uşaqlarda həmin yarımkürə beynin qalan hissəsindən ayrılır.
- Kallozotomiya – iki yarımkürəni birləşdirən döyənəkli cisim kəsilir. Qəfil yıxılma ilə keçən tutmaları azaldır.
- Vagus sinirinin stimulyasiyası (VNS) – döş qəfəsində dərinin altına kiçik stimulyator, boyundakı vagus sinirinə isə nazik elektrod yerləşdirilir. Cihaz sinirə müntəzəm zəif elektrik impulsları göndərir. Ocağı çıxarmaq mümkün olmayan xəstələrdə tutmaları azaldır, amma tam dayandırması nadirdir.
Əməliyyatdan sonra nə gözləmək olar?
Təsadüfi seçilmiş xəstələr üzərində aparılan tədqiqatda gicgah payı əməliyyatından bir il sonra xəstələrin 58%-ində huşu pozan tutmalar tam dayanmış, yalnız dərmanla müalicəni davam etdirənlərdə isə bu göstərici 8% olmuşdur. Uşaqlarda aparılan oxşar tədqiqatda nəticə 77%-ə qarşı 7% idi. Tutmalar tam dayanmayan xəstələrdə də çox vaxt seyrəlir və yüngülləşir.
Əməliyyatdan sonra dərmanlar dərhal kəsilmir. Adətən ən azı 1–2 il davam etdirilir, tutma olmazsa, nevroloq dozanı tədricən azalda bilər.
Hər əməliyyatın riski var. Gicgah payı əməliyyatından sonra görmə sahəsinin yuxarı küncündə kiçik itki ola bilər, xəstələrin çoxu bunu hiss etmir. Danışıq mərkəzi olan tərəfdə (çox vaxt sol) əməliyyatdan sonra söz tapmaq və yeni məlumatı yadda saxlamaq çətinləşə bilər – bu risk neyropsixoloji müayinə ilə əvvəlcədən qiymətləndirilir. Ciddi və qalıcı ağırlaşmalar nadirdir.
Xəstə adətən 4–5 gün xəstəxanada qalır, 5–6 həftə sonra gündəlik işlərinə qayıdır. Xəstələrimizdən birinin hekayəsi: 30 ildən artıq davam edən epilepsiya və gicgah payı əməliyyatı.
Qıcolma tutması zamanı nə etmək lazımdır?
Tutma zamanı xəstəni yan üstə çevirin, başının altına yumşaq bir şey qoyun, ağzına heç nə salmayın və tutmanın nə qədər davam etdiyini qeyd edin.
Nə vaxt təcili həkimə müraciət etmək lazımdır?
Aşağıdakı hallarda dərhal təcili yardım çağırın:
- tutma 5 dəqiqədən çox davam edirsə;
- tutmalar bir-birinin ardınca gəlir və arada huş özünə qayıtmırsa;
- tutma ilk dəfə olubsa;
- tutmadan sonra qol-ayaqda zəiflik və ya danışıq pozğunluğu keçmirsə;
- tutma zamanı başını bərk vurubsa, suda olubsa və ya xəstə hamilədirsə;
- tutma yüksək hərarət, şiddətli baş ağrısı və ya boyun sərtliyi ilə birlikdə olubsa.
Tutmalar birdən tezləşibsə və ya xarakteri dəyişibsə, gecikmədən həkimə müraciət edin.