Ruslan YunusovNeyrocərrahQəbula yazıl

Boyunda kanal daralması (spinal stenoz)

Boyunda kanal daralanda onurğa beyni sıxılır: əllərdə keyimə, incə işlərin çətinləşməsi, yerişin pozulması. Səbəbləri, MRT və nə vaxt əməliyyat lazımdır.

Boyunda kanal daralması nədir?

Boyun fəqərələrinin içindəki kanaldan onurğa beyni keçir. Bu kanal daralanda onurğa beyni və ya ondan qollara gedən sinirlər sıxılır. Bu vəziyyət boyunda kanal daralması, tibbi dildə servikal spinal stenoz adlanır. Əsas təhlükəsi onurğa beyninin sıxılmasıdır: əllərdə incə işlər çətinləşir, yeriş pozulur, müalicə gecikdikcə itirilən funksiyalar tam bərpa olunmaya bilər.

Kanal daralması boyun yırtığından fərqlidir. Boyun yırtığında adətən bir fəqərəarası diskdə olan yırtıq qola gedən bir sinir kökünə basır və əsas şikayət bir qola yayılan ağrıdır. Kanal daralmasında isə kanal çox vaxt bir neçə səviyyədə daralır və onurğa beyninin özü sıxılır. Ağrı az ola, hətta heç olmaya bilər.

Boyun onurğasının yandan kəsiyi: solda normal kanal, sağda daralmış kanal və sıxılmış onurğa beyni

Solda: sağlam boyun – onurğa beyni (sarı) kanalda sərbəst yerləşir, ətrafında maye var. Sağda: kanal daralması – disklər arxaya qabarıb, fəqərələrin kənarlarında sümük çıxıntıları əmələ gəlib, kanalın arxa divarındakı bağ qalınlaşıb. Onurğa beyni öndən və arxadan sıxılıb (qırmızı sahə).

Niyə yaranır?

Əsas səbəb onurğada yaşla gedən dəyişikliklərdir, ona görə də xəstəlik adətən orta və yaşlı insanlarda rast gəlinir. Kanalı bir neçə dəyişiklik birlikdə daraldır:

  • disklərin nazikləşib kanala doğru qabarması (protruziya);
  • fəqərələrin kənarlarında sümük çıxıntıları (osteofitlər) – MRT rəylərində bu dəyişikliklər spondiloz və ya osteoxondroz kimi yazılır;
  • kanalın arxa divarındakı bağın (sarı bağın) qalınlaşması;
  • bəzən kanalın ön divarı boyunca uzanan bağın sümükləşməsi.

Bəzi insanlarda kanal anadangəlmə dar olur. Belə hallarda kiçik dəyişikliklər də onurğa beynini sıxa bilər.

Əlamətləri hansılardır?

Onurğa beyni sıxılanda (miyelopatiya) əlamətlər tədricən, bəzən illər ərzində artır. Ona görə də insanlar onları çox vaxt yaşla bağlayır və həkimə gec gəlirlər:

  • əllərdə keyimə və gücsüzlük: tez-tez əşyalar əldən düşür;
  • incə işlər çətinləşir: düymə bağlamaq, yazı yazmaq, telefonda düymələrə basmaq;
  • yerişdə tarazlığın pozulması, ayaqlarda ağırlıq; insan pilləkəndə və qaranlıqda yeriyərkən çətinlik çəkməyə başlayır;
  • boynu önə əyəndə kürək və qol-ayaqlar boyunca elektrik cərəyanı kimi keçən hiss əmələ gəlir;
  • gec dövrdə sidiyi saxlamaqda çətinlik yaranır.

Boyun ağrısı ola da, olmaya da bilər. Sinir kökü sıxılanda isə ağrı çiyinə və qola yayılır, barmaqlarda keyimə olur – bunun boyundan, yoxsa bilək nahiyəsindən olduğunu necə ayırd etmək barədə əllərdə keyimə məqaləsində yazmışıq.

Kanal daralması həmişə əməliyyat tələb edirmi?

Xeyr. MRT-də onurğa beyninin sıxılması heç bir şikayəti olmayan insanların təxminən dörddə birində görünür. Əlamət yoxdursa, qabaqlayıcı əməliyyat məsləhət görülmür. Belə insanlar müntəzəm müayinə olunur və yuxarıdakı əlamətləri bilməlidirlər: onların təxminən 8%-ində bir il ərzində, 23%-ində isə 3–4 il ərzində miyelopatiya əlamətləri yaranır. Qola yayılan ağrı və keyimə varsa, bu risk daha yüksəkdir.

Miyelopatiya artıq başlayıbsa, vəziyyət dəyişir. Əməliyyatsız izlənən xəstələrin 20–60%-ində vəziyyət zamanla pisləşir. Uzun müddət sıxılan onurğa beynində sinir hüceyrələri tədricən məhv olur. Ona görə orta və ağır miyelopatiyada əməliyyat tövsiyə olunur. Yüngül miyelopatiyada ya əməliyyat edilir, ya da həkim nəzarəti altında müalicəvi idman sınanır. Bu halda vəziyyət pisləşərsə, əməliyyat gecikdirilmir.

Diaqnoz necə qoyulur?

Həkim reflekslərə, əllərin gücünə, hissiyyata və yerişə baxır. Əsas müayinə boynun MRT-sidir: kanalın harada və nə qədər daraldığını, onurğa beynində zədə əlaməti olub-olmadığını göstərir. Sümük çıxıntılarını və bağın sümükləşməsini dəqiq görmək üçün KT, boynun sabitliyini qiymətləndirmək üçün başın önə və arxaya əyilmiş vəziyyətində boyun rentgeni çəkilə bilər. EMQ əllərdəki keyimənin səbəbini dəqiqləşdirməyə kömək edir.

MRT rəyində “stenoz” sözünün yazılması tək başına əməliyyat göstərişi deyil. Qərar şikayətlərə və müayinənin nəticəsinə görə verilir.

Müalicə necə aparılır?

Miyelopatiya əlamətləri yoxdursa, müalicə əməliyyatsızdır: ağrıkəsicilər, fizioterapiya, boyun əzələlərini gücləndirən hərəkətlər. Kanal daralmasında boynu kəskin burub “şaqqıldatmaq” (manipulyasiya) olmaz – sıxılmış onurğa beyni zədələnə bilər.

Əməliyyatın məqsədi onurğa beyninə yer açmaq və xəstəliyin irəliləməsini dayandırmaqdır. Böyük çoxmərkəzli tədqiqatda əməliyyatdan bir il sonra yüngül, orta və ağır miyelopatiyası olan bütün qruplarda xəstələrin vəziyyəti yaxşılaşmışdı. Əməliyyat nə qədər erkən aparılarsa, nəticə adətən bir o qədər yaxşı olur.

Əməliyyatın növü daralmanın yerindən, neçə səviyyəni tutmasından və boynun əyriliyindən asılıdır:

  • Öndən əməliyyat – boynun önündən kiçik kəsiklə disk və sümük çıxıntıları çıxarılır, yerinə qəfəs qoyulur (boyun yırtığında olduğu kimi). Daralma fəqərənin arxası boyunca uzanırsa, fəqərə cisminin bir hissəsi də çıxarılır (korpektomiya).
  • Arxadan əməliyyat – daralma çox səviyyədədirsə, kanalın arxa divarını təşkil edən sümük lövhəsi ya qapı kimi açılıb genişləndirilir (laminoplastika), ya da çıxarılır (laminektomiya) və fəqərələr vintlərlə bərkidilir (fiksasiya).

Boyun kanal daralması əməliyyatı keçirən xəstələr 3–4 gün sonra evə buraxılırlar və xəstələrə 15–20 gün ərzində boyun korsetindən istifadə etmək tövsiyə olunur. Xəstələr adətən 1 ay sonra normal işlərinə qayıda bilirlər.

Nə vaxt təcili həkimə müraciət etmək lazımdır?

Aşağıdakı hallarda gecikmədən həkimə müraciət edin:

  • əllərdə və ya ayaqlarda zəiflik bir neçə gün və ya həftə ərzində sürətlə artırsa;
  • yeriş qəfildən pisləşibsə, tez-tez yıxılırsınızsa;
  • sidiyi və ya nəcisi saxlamaqda çətinlik yaranıbsa;
  • yıxılma, avtomobil qəzası kimi travmadan sonra qol-ayaqlarda keyimə və ya zəiflik başlayıbsa. Kanalı dar olan insanlarda yüngül travma belə onurğa beynini zədələyə bilər.