Ruslan YunusovNeyrocərrahQəbula yazıl

Onurğa şişləri

Onurğa şişləri və onurğa xərçəngi: gecə artan bel və kürək ağrısı, ayaqlarda zəiflik kimi əlamətləri, növləri, MRT ilə diaqnozu və əməliyyat.

Onurğa şişi nədir?

Onurğa şişi fəqərələrdə, onurğa kanalının içində, onurğa beyninin özündə və ya ondan çıxan sinir köklərində böyüyən törəmədir. Böyüklərdə onurğada ən çox rast gəlinən şiş başqa orqandakı xərçəngin onurğaya yayılmasıdır – metastaz. Xalq arasında “onurğa xərçəngi” deyilən hal da çox vaxt budur. Onurğa kanalının içində, qişalardan və sinirlərdən böyüyən şişlərin isə əksəriyyəti xoşxassəlidir: yavaş böyüyür və başqa orqanlara yayılmır.

Xoşxassəli şiş də zərərsiz deyil: böyüdükcə onurğa beynini və sinirləri sıxır. Ona görə əsas məqsəd şişi onurğa beyni zədələnməmiş tapmaq və müalicə etməkdir.

Onurğa şişlərinin üç yerləşməsi: fəqərədə, qişanın içində və onurğa beyninin içində

Onurğanın döş hissəsinin yandan görünüşü və şişlərin üç yerləşməsi. Yuxarıda fəqərəni dağıdıb onurğa kanalına doğru böyüyən, qişadan kənardakı şiş (məsələn, metastaz). Ortada qişanın içində, onurğa beynini kənara itələyən yumru şiş (məsələn, şvannoma, meningioma). Aşağıda onurğa beyninin içində böyüyüb onu genişləndirən şiş (məsələn, ependimoma).

Hansı növləri var?

Şişin adı qədər harada yerləşməsi də vacibdir: müalicəni və əməliyyatın necə aparılacağını məhz bu müəyyən edir. Onurğa şişləri üç qrupa bölünür:

  • Sümükdə və onurğa beyninin sərt qişasından kənarda (ekstradural) – əsasən metastazlar. Onurğaya ən çox ağciyər, süd vəzi, prostat və böyrək xərçəngi yayılır. Fəqərənin xoşxassəli damar şişi – hemangioma da bu qrupa aiddir.
  • Sərt qişanın içində, onurğa beynindən kənarda (intradural ekstramedullar) – meningioma (onurğa beynini örtən qişadan böyüyür), şvannoma və neyrofibroma (sinir kökünün örtüyündən böyüyür). Böyüklərdə qişadaxili şişlərin ən çox rast gəlinənləri bunlardır və adətən xoşxassəlidir.
  • Onurğa beyninin içində (intramedullar) – ependimoma və astrositoma. Nadir olur: böyüklərdə ependimoma, uşaqlarda astrositoma daha çox rast gəlinir.

Eyni adlı şişlər baş beyində də olur – onlar barədə beyin şişləri səhifəsində yazmışıq.

Əlamətləri hansılardır?

İlk və ən çox rast gəlinən əlamət ağrıdır:

  • şişin yerindən asılı olaraq ağrı boyun, kürək və ya bel nahiyəsində olur;
  • gecə, uzananda artır, yuxudan oyadır və istirahətdə keçmir;
  • həftələr ərzində tədricən güclənir, adi ağrıkəsicilər az kömək edir.

Şiş böyüdükcə sinir əlamətləri əlavə olunur:

  • qola, döş qəfəsinə və ya ayağa yayılan ağrı və keyimə – şiş sinir kökünə basır;
  • ayaqlarda ağırlıq və zəiflik, yerişin pozulması, tez-tez büdrəmə;
  • bədənin müəyyən səviyyədən aşağısında hissiyyatın azalması;
  • sidik və nəcis ifrazının pozulması – bu, gec əlamətdir.

Şiş boyundadırsa, əlamətlər qollarda və əllərdə başlayır.

Xoşxassəli şişlər yavaş böyüdüyü üçün şikayətlər aylarla, bəzən illərlə bel yırtığı kimi müalicə oluna bilər. Fərq budur: yırtıq ağrısı adətən hərəkətlə artır və uzananda azalır, şiş ağrısı isə çox vaxt əksinə olur. Ağrı müalicəyə baxmayaraq güclənirsə, MRT çəkilməlidir.

Bel MRT-sində L4 fəqərəsi səviyyəsində onurğa kanalında şiş və əməliyyatla çıxarılmış şiş

Solda bel MRT-si: 4-cü bel fəqərəsi (L4) səviyyəsində onurğa kanalının içində sinirləri sıxan şiş. Sağda əməliyyatla tam çıxarılmış şiş, patoloji müayinənin nəticəsi şvannomadır. Bu xəstənin hekayəsini klinik halda yazmışıq.

Diaqnoz necə qoyulur?

Adi rentgen onurğa şişlərinin çoxunu göstərmir. Əsas müayinə kontrastlı MRT-dir: venaya vurulan kontrast maddə şişin sərhədlərini aydın göstərir və növünü təxmin etməyə imkan verir. Şiş fəqərəni dağıdıbsa, sümüyün vəziyyətini və onurğanın möhkəmliyini qiymətləndirmək üçün kompüter tomoqrafiyası çəkilir.

Metastaz şübhəsi olanda xərçəngin ilk ocağı axtarılır: döş qəfəsi və qarın KT-si, bəzən PET-KT çəkilir, diaqnozu iynə ilə götürülən toxuma nümunəsi (biopsiya) təsdiqləyir. Şişin dəqiq növü isə əməliyyatdan sonra patoloji müayinədə müəyyən olunur.

MRT rəyində “hemangioma” yazılıb: təhlükəlidirmi?

Çox vaxt yox. Fəqərə hemangioması sümüyün içində damarlardan ibarət xoşxassəli törəmədir və MRT-də ən çox təsadüfən tapılan “şiş”dir. 1021 nəfərin bel MRT-sinin araşdırıldığı tədqiqatda bel fəqərələrində hemangioma hər 12 nəfərdən birində tapılmışdı, amma onun bel ağrısı ilə əlaqəsi təsdiqlənməmişdi. Yəni bel ağrısı olan insanda hemangioma görünübsə, ağrının səbəbi çox vaxt başqadır. Kiçik və tipik görünüşlü hemangioma müalicə tələb etmir.

Nadir hallarda hemangioma böyüyüb fəqərəni zəiflədir və ya onurğa kanalına doğru çıxıb onurğa beynini sıxır (aqressiv hemangioma). Belə hallarda fəqərənin içinə sümük sementi vurulur (vertebroplastika) və ya əməliyyat aparılır.

Müalicəsi necədir?

Müalicə şişin növündən, yerindən və yaratdığı əlamətlərdən asılıdır.

İzləmə. Təsadüfən tapılan kiçik, əlamət verməyən xoşxassəli şiş (məsələn, meningioma və ya şvannoma) dərhal əməliyyat tələb etmir – o, MRT ilə izlənilir: ilk dəfə 3 aydan sonra, sonra hər 6 ayda bir. Şiş böyüyürsə və ya əlamət verməyə başlayırsa, əməliyyat planlaşdırılır.

Əməliyyat. Əlamət verən qişadaxili şişlərin əsas müalicəsi əməliyyatdır. Əməliyyat mikroskop altında aparılır, sinirlərin vəziyyəti isə əməliyyat boyu xüsusi cihazla izlənilir (neyromonitorinq). Meningioma və şvannoma çox vaxt bir əməliyyatla tam çıxarılır. Meningiomada təkrarlanma təxminən 6% olur. Xəstələrin əksəriyyətində ağrı və zəiflik azalır. Əməliyyatdan əvvəl zəiflik nə qədər yüngül və qısamüddətlidirsə, bərpa da o qədər yaxşı olur – ona görə göstəriş olanda əməliyyatı gecikdirmək olmaz.

Onurğa beyninin içindəki şişlərin əməliyyatı daha mürəkkəbdir. Ependimoma çox vaxt tam çıxarılır. Astrositomada məqsəd onurğa beynini zədələmədən şişin mümkün qədər çoxunu götürməkdir, lazım olduqda sonra şüa müalicəsi verilir.

Metastaz. Müalicə onkoloq və şüa terapiyası həkimi ilə birlikdə planlaşdırılır. Şiş onurğa beynini sıxıbsa, əməliyyatla şüa müalicəsinin birlikdə aparılması yalnız şüa müalicəsindən daha yaxşı nəticə verir: müqayisəli tədqiqatda əməliyyat olunan xəstələrin 84%-i müalicədən sonra yeriyə bilirdi, yalnız şüa alanların isə 57%-i. Fəqərə dağılıb onurğa möhkəmliyini itiribsə, o, vintlərlə bərkidilir (fiksasiya).

Xoşxassəli şiş əməliyyatından sonra xəstə adətən 4 gün xəstəxanada qalır, 4–6 həftəyə işinə qayıdır.

Nə vaxt təcili həkimə müraciət etmək lazımdır?

Aşağıdakı hallarda gecikmədən həkimə müraciət edin:

  • ayaqlarda və ya qollarda zəiflik bir neçə gün ərzində artırsa, yeriş pozulursa;
  • sidiyi və ya nəcisi saxlaya bilmirsinizsə, ya da sidik ifrazı çətinləşibsə;
  • qasıqda, aralıq nahiyəsində və budların iç tərəfində keyimə yaranıbsa;
  • xərçəng xəstəliyi keçirmisinizsə və ya müalicə alırsınızsa və yeni, keçməyən bel, kürək və ya boyun ağrısı başlayıbsa;
  • bel ağrısı ilə yanaşı səbəbsiz arıqlama və ya qızdırma varsa.