Ruslan YunusovNeyrocərrahQəbula yazıl

Bel ağrısı üçün iynə: hansı iynə kimə kömək edir?

Bel ağrısı üçün iynə vurdurmağa dəyərmi? Epidural inyeksiya nədir? Epidural inyeksiya və blokada kimə kömək edir, kimə yox və nə vaxt təcili həkimə getməli.

“Bel ağrısı üçün iynə” deyəndə rentgen nəzarəti altında onurğaya edilən inyeksiyalar (xalq arasında blokada) nəzərdə tutulur. Bu iynələr adətən ya birbaşa disk yırtığı zamanı sıxılan sinirin ətrafına, ya da iki qonşu fəqərə arasındakı (faset) oynağa vurulur.

Epidural inyeksiya nədir?

Epidural steroid inyeksiyası zamanı nazik iynə rentgen nəzarəti altında epidural boşluğa (sinir köklərini örtən sərt qişanın xaricindəki nazik boşluğa) — sıxılan kökün yanına yeridilir. Ora iltihab əleyhinə hormon dərmanı (steroid) və keyidici vurulur. Dərman sinirin ətrafındakı iltihabı və şişkinliyi azaldır. Prosedur yerli keyitmə ilə edilir, adətən 15–20 dəqiqə çəkir və xəstə həmin gün evə gedir.

Fəqərəyə yuxarıdan baxış: yırtılan disk bir tərəfdəki sinir kökünə basır, nazik iynə sıxılan kökün yanına yeridilir

Fəqərəyə yuxarıdan baxış: diskin yırtılan hissəsi bir tərəfdəki sinir kökünə basır (çəhrayı). Epidural inyeksiyada nazik iynə ilə dərman məhz bu sahəyə — sıxılan kökün ətrafına çatdırılır.

Epidural inyeksiya kimə kömək edir?

Ən çox fayda verdiyi hal — bel yırtığına görə beldən ayağa vuran ağrıdır, xüsusilə əgər:

  • ağrı güclüdür və 4–6 həftəlik dərman müalicəsi və hərəkətlə azalmır,
  • ayaqda artan zəiflik və sidik-nəcis problemi yoxdur,
  • MRT-də görünən yırtığın yeri şikayətlərə uyğundur.

Ağrı adətən bir neçə gün ərzində azalır, təsir həftələrlə, bəzən aylarla davam edir. İnyeksiya yırtığı kiçiltmir, amma kəskin dövrü yüngül keçirməyə kömək edir — bu müddətdə yırtıq çox vaxt öz-özünə kiçilir. Bəzi hallarda faydası kiçik və qısamüddətli olub, hər xəstəyə eyni dərəcədə kömək etmir.

Yalnız beldə olan, ayağa vurmayan ağrıda epidural inyeksiya tövsiyə olunmur — burada hərəkət, müalicəvi idman və qısa dərman müalicəsi daha faydalıdır. İnfeksiya və qızdırma, nəzarətsiz diabet, hamiləlik zamanı və qan durulducu dərman həkimlə razılaşdırılmadan inyeksiya edilmir.

Mümkün yan təsirlər: iynə yerində ağrı, ayaqda bir neçə saatlıq keyimə, baş ağrısı, üzdə qızartı, diabeti olanlarda qan şəkərinin bir neçə gün artması. İnfeksiya və qanama nadirdir.

Belin oynaqlarına iynə və radiofrekans nədir?

3 aydan çox davam edən, ayağa vurmayan bel ağrısının bir səbəbi fəqərələri arxadan birləşdirən kiçik faset oynaqlarıdır. Belə ağrıda əvvəlcə oynağın ətrafına sınaq üçün keyidici vurulur. Ağrı bir neçə saatlığa aydın keçirsə, səbəbin oynaq olduğu təsdiqlənir və həmin oynaq ətrafına iltihab əleyhinə hormon dərmanı (steroid) və keyidici vurulur. Adətən bu prosedurdan sonra xəstələrin ağrıları bir neçə həftədən aylara qədər keçə bilir. Daha uzunmüddətli fayda almaq üçün oynaq ətrafındakı kiçik sinirlər radiodalğa ilə “söndürülür” — buna radiofrekans denervasiya deyilir. Təsiri adətən 6–12 ay davam edir və lazım olsa təkrarlanır.

Onurğaya yandan baxış: nazik iynə iki qonşu fəqərə arasındakı faset oynağının ətrafına yeridilir

Onurğaya yandan baxış. Çəhrayı rəngdə iki qonşu fəqərəni arxadan birləşdirən faset oynağı görünür. Blokadada nazik iynə rentgen nəzarəti altında bu oynağın ətrafına yeridilir.

İynə əməliyyatı əvəz edirmi?

Xeyr. İynə ağrını azaldır, amma siniri sıxan disk parçasını çıxarmır. Ayaqda artan zəiflik, sidik-nəcis problemi və ya düzgün müalicəyə baxmayaraq aylarla keçməyən ağrı varsa, iynə ilə vaxt itirmək olmaz. Əməliyyat göstərişlərini bel yırtığı səhifəsində, MRT-dəki “5 mm, 8 mm” ölçülərinin nə demək olduğunu isə MRT rəyi haqqında məqalədə yazmışıq.

Qəbulda ən çox nə soruşulur?

İnyeksiya etdirdim, ağrı keçmədi. İndi nə etməli?

Bəzi hallarda iynə ilə blokada olunmasına baxmayaraq ayağa vuran ağrılar keçmir. Belə hallarda xəstə təkrar müayinə edilir, başqa müalicə və ya əməliyyat seçimi dəqiqləşdirilir.

Epidural inyeksiyanı təkrar etdirmək olarmı?

Əgər xəstələr ilk inyeksiyadan sonra uzun müddət fayda görürlərsə, təkrarlanan ağrıda yenə inyeksiya etmək mümkündür.

İnyeksiyadan sonra nə vaxt işə qayıtmaq olar?

İnyeksiyadan sonra ağrılar azalırsa, xəstələr normal iş fəaliyyətinə qayıda bilirlər.

Nə vaxt təcili həkimə müraciət etmək lazımdır?

İnyeksiyadan sonra bunlardan biri olarsa, gözləmədən həkimə müraciət edin:

  • qızdırma, iynə yerində artan ağrı, qızartı və şişkinlik — infeksiya və ya abses ola bilər,
  • ayaqda yeni və ya artan zəiflik, yeriyəndə pəncənin sallanması,
  • sidik və ya nəcisi saxlaya bilməmək, aralıqda hissizlik — at quyruğu sindromunun əlaməti ola bilər,
  • ayağa qalxanda güclənən, uzananda keçən güclü baş ağrısı.