Xroniki subdural hematoma: yaşlılarda yıxılmadan həftələr sonra beyin qanaxması
Yaşlı insanda yıxılmadan həftələr sonra baş ağrısı, unutqanlıq, yerişin pozulması? Xroniki subdural hematomanın əlamətləri, KT ilə diaqnozu və əməliyyatı.
Xroniki subdural hematoma beyinlə onu örtən sərt qişa arasında həftələr ərzində yavaş-yavaş yığılan köhnə qandır. Ən çox 70 yaşdan yuxarı insanlarda, çox vaxt yüngül yıxılmadan və ya başa zərbədən bir neçə həftə sonra özünü göstərir. Vaxtında tapılanda kiçik əməliyyatla müalicə olunur və xəstələrin çoxunda şikayətlər keçir.
Beyin qanaxmasının başqa növləri haqqında beyin qanaxmaları səhifəsində yazmışıq.

Başın üfüqi kəsiyi, burun yuxarıdadır. Solda xroniki subdural hematoma: sərt qişa ilə beyin arasında yığılmış köhnə qan və onun içindəki nazik pərdələr beyni sıxır. Sağda əməliyyatdan sonra: kəllədə iki kiçik dəlik açılıb, hematoma çıxarılıb, nazik drenaj borusu qoyulub və beyin genişlənib.
Niyə yaşlılarda olur?
Yaşla beyin bir az kiçilir və beyinlə kəllə arasındakı boşluq genişlənir. Beyni sərt qişaya bağlayan nazik venalar dartılır və yüngül zərbədən cırılır. Əvvəlcə az qan yığılır və heç bir əlamət olmur. Sonra qanın ətrafında nazik pərdə əmələ gəlir, bu pərdənin kövrək damarları təkrar-təkrar qanayır və hematoma həftələr ərzində böyüyür. Son illərdə yaşlı xəstələr arasında qan durulaşdıran dərman qəbulunun artması da subdural hematoma riskini artırır. Spirtli içki, tez-tez yıxılma və hidrosefaliyaya görə qoyulmuş şunt da riskin artmasına səbəb olur.
Hansı əlamətlər olur?
Əlamətlər günlər və həftələr ərzində tədricən artır:
- baş ağrısı (yaşlılarda yüngül ola bilər, bəzən heç olmur);
- unutqanlıq, çaşqınlıq, laqeydlik, davranışın dəyişməsi;
- yerişin pozulması, tez-tez büdrəmə və yıxılma;
- bir qolda və ya ayaqda zəiflik;
- nitqin pozulması, yuxululuq.
Ailə üzvləri bu dəyişiklikləri çox vaxt yaşla, demensiya və ya insultla səhv salır. Fərq sürətdədir: demensiya illər ərzində yavaş inkişaf edir, hematoma isə bir neçə həftəyə insanı xeyli dəyişə bilər. Yaşlılarda yeriş və yaddaşın pozulmasının başqa səbəbi – normal təzyiqli hidrosefaliya da müayinə ilə ayırd edilir.
Necə müəyyən olunur?
Əsas müayinə beyin KT-sidir: bir neçə dəqiqə çəkir və hematomanı, onun qalınlığını, beyni nə qədər sıxdığını göstərir. Hematoma bəzən hər iki tərəfdə olur. Şübhəli hallarda MRT çəkilir.
Hər hematomaya əməliyyat lazımdırmı?
Xeyr. Kiçik, beyni sıxmayan və əlamət verməyən hematoma müşahidə olunur: KT həftələr sonra təkrarlanır və hematoma çox vaxt özü sorulur. Qan durulaşdıran dərmanın dayandırılıb-dayandırılmamasına həkim qərar verir – onu özünüz kəsməyin.
Hormon dərmanları bəzi kiçik hematomalarda təyin oluna bilər, amma əməliyyatı əvəz etmir: araşdırmalarda bu dərmanları qəbul edənlərdə fəsadlar daha çox olmuşdu.
Hematoma əlamət verirsə və beyni sıxırsa, ya da müalicəyə baxmayaraq kiçilmirsə, əməliyyat lazımdır.
Əməliyyat necə aparılır?
Kəllədə bir və ya iki kiçik dəlik açılır, maye halına gəlmiş köhnə qan çıxarılır və boşluq yuyulur. Əməliyyat adətən bir saata yaxın çəkir, bəzən ağır xəstələrdə yerli anesteziya ilə aparılır. Sonra hematoma boşaldılan boşluğa bir neçə günlüyə nazik drenaj borusu qoyulur – bu, hematomanın təkrarlanmasını xeyli azaldır.
Çaşqınlıq və zəiflik çox vaxt əməliyyatdan sonrakı ilk günlərdə azalmağa başlayır. Hematoma təxminən hər on xəstədən birində yenidən yığılır və təkrar əməliyyat lazım olur. Son illərdə bəzi mərkəzlərdə əməliyyata əlavə olaraq hematomanın pərdəsini qidalandıran arteriya kateterlə içəridən bağlanır (embolizasiya): 2024-cü ildə dərc olunmuş araşdırmada bu, təkrar əməliyyatı 11%-dən 4%-ə azaltmışdı.
Xəstələrə əməliyyatdan 3 gün sonra təkrar beyin KT çəkilir və hematomanın yeri təmizləndiyi görüləndən sonra drenaj çıxarılır. Əməliyyatdan 4 gün sonra xəstələr evə yazılır.
Qəbulda ən çox nə soruşulur?
Qan durulaşdıran dərmanları bir dəfəlik kəsməliyik?
Xeyr, əməliyyatdan 4–5 gün sonra həkiminizin nəzarəti altında təkrar dərmanlar başlana bilər.
Bu yaşda əməliyyat təhlükəli deyilmi?
Əməliyyat qısa və kiçikdir, 80–90 yaşlı insanlarda da aparılır. Qərarı yaş deyil, xəstənin ümumi vəziyyəti, ürək və ağciyər xəstəlikləri müəyyən edir. Əməliyyat olunmayan böyük hematoma isə getdikcə ağırlaşır.
Unutqanlıq keçəcəkmi?
Hematoma səbəbilə yaranan çaşqınlıq və unutqanlıq çox vaxt əməliyyatdan sonra keçir. Əvvəldən demensiya varsa, o qalır.
Təkrar yıxılmamaq üçün nə etmək olar?
Evdə sürüşən xalçaları yığışdırın, gecə yolu işıqlandırın, vanna otağına tutacaq qoyun. Görmə və eşitməni yoxlatdırın, başgicəllənmə verən dərmanları həkimlə müzakirə edin.
Nə vaxt təcili həkimə müraciət etmək lazımdır?
- Yıxılmadan və ya başa zərbədən günlər, həftələr sonra yeni baş ağrısı, çaşqınlıq, yuxululuq, bir tərəfdə zəiflik başlayıbsa – xüsusilə qan durulaşdıran dərman qəbul edən insanda.
- Əməliyyatdan sonra baş ağrısı qayıdıbsa, yenidən zəiflik, nitq pozulması və ya qıcolma yaranıbsa.
- Yara qızarıbsa, şişibsə, ondan axıntı gəlirsə və ya qızdırma varsa.
İnsan qəfil huşunu itirirsə və ya oyanmaqda çətinlik çəkirsə, gözləmədən təcili yardım çağırın.
Digər məqalələr
- Uşaq neyrocərrahı nəyi müalicə edir və nə vaxt ona müraciət etmək lazımdır?Yenilənib: 3 noyabr 2026→
- Əllərdə keyimə: səbəb boyundadır, yoxsa bilək nahiyəsində?24 oktyabr 2026→
- Beyində araxnoid kista: təhlükəlidirmi, əməliyyat lazımdırmı?20 oktyabr 2026→
- Bel ağrısı üçün iynə: hansı iynə kimə kömək edir?20 oktyabr 2026→
- Kraniosinostozda endoskopik əməliyyat və dəbilqə müalicəsi17 oktyabr 2026→
- Körpələrdə xarici hidrosefaliya: nədir və təhlükəlidirmi?16 oktyabr 2026→
- Şunt əməliyyatı (VP şunt): necə aparılır və sonra nələrə diqqət etməli?15 oktyabr 2026→
- Beldən ayağa vuran ağrı: oturaq sinirin sıxılması13 oktyabr 2026→
- Körpələrdə əmgək və baş çevrəsi: nə normaldır, nə vaxt narahat olmalısınız?6 oktyabr 2026→
- Protruziya, ekstruziya, sekvestr: MRT rəyində yazılanlar nə deməkdir?27 sentyabr 2026→
- Uşaqlarda kəllə-beyin travmasıYenilənib: 16 oktyabr 2026→
- Hamiləlikdə bel ağrılarıYenilənib: 16 oktyabr 2026→
- Hidrosefaliyanın müalicəsi: şuntlama yoxsa endoskopik əməliyyat?Yenilənib: 17 oktyabr 2026→
- Uşaqlarda kəllədaxili təzyiqin artmasıYenilənib: 16 oktyabr 2026→