Ruslan YunusovNeyrocərrahQəbula yazıl

Beldən ayağa vuran ağrı: oturaq sinirin sıxılması

Beldən omaya, budun arxasına və baldıra vuran ağrı çox vaxt siyatik sinir kökünün sıxılmasıdır. Səbəbləri, müalicəsi və nə vaxt təcili həkimə getməli.

Beldən omaya, budun arxasına, baldıra, bəzən ayaq barmaqlarına qədər “elektrik kimi” vuran ağrı çox vaxt oturaq sinirinin (siyatik sinirin) köklərinin belin aşağı hissəsində sıxılmasından yaranır. Tibbdə bu ağrıya işias (siyatika) deyilir və onun ən çox rast gəlinən səbəbi bel yırtığıdır. Əksər hallarda ağrı bir neçə həftə ərzində əməliyyatsız azalır, amma bəzi əlamətlər gözləməyə imkan vermir — onları aşağıda ayrıca sadalayacağam.

Oturaq sinirinin beldən ayağa qədər yolu, arxadan görünüş; sol ayaqda sinir çəhrayı rənglə işıqlanır

Oturaq sinirinin yolu (arxadan görünüş): beldən omaya, budun arxası ilə dizə, oradan baldıra və ayağa. Çəhrayı rəng sol ayağa vuran ağrının yayıldığı yolu göstərir.

Oturaq siniri nədir və haradan keçir?

Oturaq siniri bədənimizin ən uzun və ən qalın siniridir. O, belin aşağı hissəsində və oma sümüyündə onurğadan çıxan beş sinir kökünün (L4–S3) birləşməsindən yaranır. Sonra çanaqdan çıxıb omanın dərinliyindən keçir, budun arxası ilə aşağı enir və diz arxasında iki şaxəyə ayrılır: biri baldırın arxası ilə dabana və ayağın altına, digəri baldırın bayır tərəfi ilə ayağın üstünə və barmaqlara gedir.

Ağrı bu sinirin yolu boyunca yayıldığı üçün xəstə onu çox vaxt belində yox, ayağında daha güclü hiss edir. Dəqiq desək, əksər hallarda sıxılan oturaq sinirinin özü deyil, onu əmələ gətirən köklərdən biridir: sinir kökü onurğa kanalında sıxılır. Ona görə ağrı ayaqda olsa da, səbəbini beldə axtarırıq.

Ağrı niyə məhz sol (və ya sağ) ayağa vurur?

Disk yırtığı çox vaxt düz arxaya deyil, bir az yana — sağa və ya sola doğru çıxır və həmin tərəfdəki sinir kökünə basır. Ona görə ağrı adətən bir ayaqda olur: yırtıq solda olarsa, sol ayağa, sağda olarsa, sağ ayağa vurur. Ağrının sol ayaqda olması onu daha təhlükəli və ya daha yüngül etmir — bu, yalnız yırtığın hansı tərəfə çıxdığını göstərir.

Fəqərəyə yuxarıdan baxış: yırtılan disk bir tərəfdəki sinir kökünə basır

Fəqərəyə yuxarıdan baxış: diskin yırtılan hissəsi (çəhrayı) bir tərəfdəki sinir kökünə basır. Ağrı da həmin tərəfin ayağına vurur.

Hər iki ayağa birdən vuran ağrı isə başqa vəziyyətdir. Bu, mərkəzə doğru çıxan böyük yırtığa və ya onurğa kanalının daralmasına işarə ola bilər və mütləq həkimə göstərilməlidir.

Ağrının yeri hansı sinir kökünün sıxıldığını göstərirmi?

Bəli, təxminən göstərir. Beldən çıxan hər sinir kökü ayağın müəyyən bir zolağının hissiyyatını və müəyyən əzələlərin işini idarə edir. Ayağa vuran ağrıların böyük əksəriyyəti iki kökdən olur:

  • L5 kökü — ağrı budun və baldırın bayır tərəfi ilə ayağın üstünə və baş barmağa enir. Baş barmağı və pəncəni yuxarı qaldırmaq zəifləyə bilər, daban üstə yerimək çətinləşir.
  • S1 kökü — ağrı budun və baldırın arxası ilə dabana, ayağın altına və kiçik barmağa gedir. Barmaqların ucunda durmaq və yerimək çətinləşə bilər.

Ağrı budun ön tərəfinə və dizə vurursa, bu, daha yuxarıdakı köklərin (L3, L4) sıxılmasına işarə ola bilər.

MRT rəyini oxuyarkən bir incəliyi bilmək faydalıdır: L4–L5 diskindəki yırtıq adətən L5 kökünə, L5–S1 diskindəki yırtıq isə S1 kökünə basır. Bu səviyyələrin nə demək olduğunu MRT rəyindəki terminləri izah edən məqaləmizdə yazmışıq.

Ağrının sinirdən olduğunu necə anlamaq olar?

Beldən ayağa yayılan hər ağrı sinir sıxılması deyil. Belin əzələ və oynaqlarından gələn ağrı da omaya və budun arxasına “verə” bilər, amma adətən dizdən aşağı enmir və keyimə yaratmır. Sinir kökünün sıxılmasına bunlar işarə edir:

  • ağrı dizdən aşağı, baldıra və ayağa qədər enir, ayaqdakı ağrı beldəkindən güclüdür;
  • ağrı kəskin, yandırıcı, “elektrik vuran” kimidir və bir zolaq boyunca gedir;
  • həmin zolaqda keyimə, göynəmə, “qarışqa gəzməsi” hissi var;
  • öskürəndə, asqıranda, çox oturanda və önə əyiləndə ağrı artır.

Qəbulda bunu sadə bir testlə də yoxlayırıq: xəstə arxası üstə uzanır, biz onun ayağını yavaş-yavaş yuxarı qaldırırıq. Sinir kökü sıxılıbsa, ayaq müəyyən bucağa qalxanda ağrı beldən ayağa vurur. Buna Laseq simptomu deyilir.

Bəzi başqa xəstəliklər də ayaq ağrısı ilə özünü göstərə bilər:

  • Bud-çanaq oynağının artrozu — ağrı daha çox qasıqda və budun önündə olur, ayağı içəri-bayıra çevirəndə artır.
  • Ayaq arteriyalarının daralması — baldır ağrısı yeriyəndə başlayır və bir az dayananda keçir; ayaq soyuq olur.
  • Diabet və digər polineyropatiyalar — keyimə və yanma hər iki ayaqda, barmaqlardan başlayaraq “corab kimi” yayılır.

Beldən ayağa vuran ağrının səbəbləri nələrdir?

  • Bel yırtığı — ən çox rast gəlinən səbəbdir, xüsusilə 30–50 yaş arasında olur. Diskin yırtılan hissəsi sinir kökünə həm mexaniki basır, həm də ətrafında iltihab yaradır. Ağrı çox vaxt ağır əşya qaldırandan və ya kəskin hərəkət etdikdən sonra birdən başlayır, amma heç bir səbəb olmadan da başlaya bilər.
  • Onurğa kanalının daralması — adətən 60 yaşdan sonra rast gəlinir. Tipik əlaməti: bir az yeriyəndən sonra ayaqlarda ağrı, ağırlıq və keyimə başlayır, insan dayanıb oturmalı və ya önə əyilməli olur, ağrı azaldıqdan sonra yenidən yeriyə bilir.
  • Fəqərə sürüşməsi və fəqərələrin kənarındakı sümük çıxıntıları — sinirin fəqərələr arasından çıxdığı dəliyi daralda bilər.
  • Hamiləlik — hamiləlikdə beldən omaya və buda vuran ağrı tez-tez olur, amma çox vaxt səbəbi disk deyil, çanaq oynaqlarına və bağlara düşən yükdür. Ətraflı: hamiləlikdə bel ağrıları.
  • Piriformis sindromu — nadir hallarda oturaq siniri omanın dərinliyindəki armudvari əzələnin altından keçərkən sıxılır.
  • Nadir, amma ciddi səbəblər — onurğa kanalında şiş, infeksiya, sınıq.

Hansı müayinə lazımdır?

Diaqnozun əsası həkim müayinəsidir: ağrının yayıldığı yer, əzələ gücü, reflekslər və hissiyyat yoxlanılır. Ağrı yeni başlayıbsa və təhlükəli əlamət yoxdursa, ilk həftələrdə MRT həmişə vacib deyil, çünki şikayətlərin çoxu müalicə ilə azalır. MRT aşağıdakı hallarda lazımdır:

  • ağrı 4–6 həftəlik müalicəyə baxmayaraq azalmırsa,
  • ayaqda zəiflik varsa,
  • ağrı ilə yanaşı sidik və nəcis problemləri başlayıbsa,
  • inyeksiya və ya əməliyyat düşünülürsə.

Maqnit-rezonans tomoqrafiyası diski, sinir köklərini və onurğa kanalını ən yaxşı göstərən müayinədir. Amma MRT-də görünən hər yırtıq ağrının səbəbi deyil: şikayəti olmayan insanlarda da, xüsusilə yaş artdıqca, MRT-də disk qabarmaları tez-tez tapılır. Ona görə görüntü şikayətlərlə və müayinə ilə üst-üstə düşməlidir. Zəifliyin hansı kökdən olduğunu dəqiqləşdirmək və ya diabetik neyropatiya kimi digər səbəbləri ayırmaq üçün elektromioqrafiya (EMQ) edilə bilər.

Necə müalicə olunur?

Beldən ayağa vuran ağrısı olan xəstələrin əksəriyyəti əməliyyatsız sağalır. Ağrı adətən ilk bir-iki həftədə ən güclü olur, sonra tədricən azalır; çoxunda 6–12 həftə ərzində aydın yaxşılaşma olur.

  • Hərəkətli qalmaq. Uzun müddət yataqda uzanmaq sağalmanı sürətləndirmir. Ağrının imkan verdiyi qədər gəzmək və gündəlik işləri davam etdirmək, amma ağır əşya qaldırmamaq və uzun müddət oturmamaq məsləhətdir.
  • Dərman müalicəsi. Ağrıkəsici və iltihab əleyhinə dərmanlar həkimin təyini ilə və qısa müddətə verilir. Dərmanları özbaşına və uzun müddət qəbul etmək mədə və böyrəklər üçün təhlükəlidir.
  • Fizioterapiya və müalicəvi hərəkətlər. Kəskin ağrı azalandan sonra bel və qarın əzələlərini gücləndirən hərəkətlər sağalmanı sürətləndirir və ağrının təkrarlanma riskini azaldır.
  • Epidural steroid inyeksiyası. Ayaq ağrısı güclüdürsə və dərmanlara cavab vermirsə, iltihab əleyhinə dərman rentgen nəzarəti altında sıxılan sinir kökünün ətrafına vurulur və şişkinliyi azaldır.

Nə vaxt əməliyyat lazımdır?

Əməliyyat — mikroskop altında siniri sıxan disk parçasının çıxarılması (mikrodiskektomiya) — bu hallarda düşünülür:

  • ayaqda zəiflik var və artır (məsələn, ayaq “sallanır”, yeriyəndə pəncə yerə sürtülür),
  • sidik və ya nəcis nəzarəti pozulub — bu, təcili əməliyyat tələb edir,
  • 6–12 həftəlik düzgün müalicəyə baxmayaraq ağrı keçmir və gündəlik həyatı ciddi pozur.

Əməliyyat ayaq ağrısını adətən tez aradan qaldırır. Amma qərarı MRT-dəki millimetrlər deyil, şikayətlərin şiddəti və müayinənin nəticəsi müəyyən edir.

Qəbulda ən çox nə soruşulur?

Belimdə 8 mm yırtıq əmələ gəlib, ancaq ayağımda ağrı yoxdur, yenə də əməliyyat olunmalıyam?

Xeyr, tək başına böyük ölçülü yırtıq olması əməliyyat üçün göstəriş deyil.

Ağrı belimdən çəkilib, indi yalnız ayağımdadır — bu yaxşıdır, yoxsa pis?

Müalicədən sonra ağrının beldə keçib, ayaqda davam etməsi — sinirin hələ də sıxılmasının əlamətidir.

Yırtıq əməliyyatından sonra təkrar yırtıq əmələ gələ bilər?

Bəli, yırtıq əməliyyatı keçirmiş xəstələrdə təkrar yırtıq əmələ gəlmə ehtimalı digər insanlara nisbətən daha yüksəkdir.

Bel yırtığı əməliyyatından sonra uzun müddət yataqda qalmalıyam?

Xeyr, əməliyyatdan bir neçə saat sonra xəstələr ayağa qaldırılıb gəzdirilir. 1–2 gün sonra evə göndərilir. Xəstələr ev şəraitində aktiv istirahət edir, gün ərzində ehtiyac olduqda yataqda dincəlirlər.

Nə vaxt təcili həkimə müraciət etmək lazımdır?

Beldən ayağa vuran ağrı ilə yanaşı aşağıdakılardan biri varsa, gözləmədən həkimə müraciət edin:

  • Sidiyi və ya nəcisi saxlaya bilməmək, yaxud əksinə, sidik ifraz edə bilməmək,
  • Aralıqda, cinsiyyət orqanları və anus ətrafında hissizlik (yəhərə oturan hissədə),
  • Hər iki ayaqda birdən ağrı, keyimə və ya zəiflik,
  • Ayaqda sürətlə artan zəiflik: yeriyərkən ayaq pəncəsi “sallanır”, daban və ya barmaq ucu üstə dura bilmirsiniz,
  • ağrı yıxılma və ya zədədən sonra başlayıb, xüsusilə yaşlı insanlarda,
  • ağrı ilə yanaşı qızdırma, səbəbsiz arıqlama var, keçmişdə xərçəng xəstəliyi olub və ya ağrı gecə rahat uzananda belə keçmir,
  • baldırda şişkinlik, qızartı və istilik — bu, sinir deyil, venada tromb əlaməti ola bilər.

İlk üç əlamətdən hər hansı biri at quyruğu (kauda ekvina) sindromuna işarə ola bilər, xüsusilə bel yırtığı olduğu bilinən xəstədə. Belə vəziyyətdə hər saat vacibdir: gecikmə sidik kisəsi, bağırsaq və ayaqlarda ömürlük problemlərə səbəb ola bilər.