Ruslan YunusovNeyrocərrahQəbula yazıl

Beyində araxnoid kista: təhlükəlidirmi, əməliyyat lazımdırmı?

MRT-də araxnoid kista tapılıb? Bunun nə demək olduğu, kistanın böyüyüb-böyüməməsi, nə vaxt əməliyyat lazım olduğu və hansı əlamətlərdə təcili həkimə getməli.

Araxnoid kista beyni örtən nazik qişanın içində yığılmış adi beyin-onurğa beyni mayesidir. Bu, şiş deyil və xərçəngə çevrilmir. Böyük əksəriyyəti başqa səbəbə görə çəkilən beyin MRT-də təsadüfən tapılır, illərlə dəyişmir və heç bir müalicə tələb etmir. Əməliyyat yalnız kista beyni və ya beyin daxilində mayenin axdığı yolları sıxanda lazım olur.

Beynin üfüqi kəsiyinin sxemi: gicgah nahiyəsində maye ilə dolu araxnoid kista

Beynin üfüqi kəsiyinin sxemi: beynin yan tərəfində, gicgah nahiyəsində maye ilə dolu araxnoid kista beyin toxumasını içəri itələyib. Kistanın içində beynin ətrafındakı adi maye var, ona görə MRT-də o, beyin mədəciklərindəki maye ilə eyni rəngdə görünür.

Araxnoid kista nədir və niyə yaranır?

Beyni xaricdən üç qişa örtür. Ortadakı nazik qişa mikroskop altında hörümçək torunu xatırladır, ona görə araxnoid (yunanca “hörümçək toruna bənzər”) qişa adlanır. Ana bətnində inkişaf zamanı bu qişa bəzən ikiyə ayrılır və arasında maye yığılır — kista belə yaranır. Yəni araxnoid kistaların çoxu anadangəlmədir. Daha az hallarda kista travma, beyin qanaxması, meningit və ya əməliyyatdan sonra əmələ gəlir.

Araxnoid kista tez-tez rast gəlinir: MRT çəkilən böyüklərin təxminən 1–1,5%-ində, uşaqların 2–3%-ində tapılır, kişilərdə və oğlanlarda daha çox olur. Ən çox gicgah nahiyəsində (adətən sol tərəfdə) və beyinciyin arxasında yerləşir. MRT rəyində sonuncuya “retroserebelyar kista”, bəzən də “araxnoidal kista” yazılır.

Kista böyüyürmü?

Əksər hallarda yox. Araşdırmalara görə böyüklərdə orta hesabla 4 il izlənilən kistaların yalnız 2%-ə yaxını böyüyüb, bəziləri isə hətta kiçilib. Uşaqlarda kista əsasən ilk yaşlarda böyüyə bilər: geniş araşdırmada 4 yaşından sonra aşkarlanan kistaların heç biri böyüməyib, yeni əlamət verməyib və əməliyyat tələb etməyib.

İzləmə planını kistanın yerinə, ölçüsünə və xəstənin yaşına görə qururuq. Əgər böyüklərdə çəkilən beyin KT və ya MRT-də ilk dəfə araxnoid kista aşkarlanıbsa və xəstədə kista ilə bağlı əlamət yoxdursa, təkrar MRT-yə ehtiyac yoxdur. Əlamətsiz kista uşaqda aşkarlanırsa, adətən 6 aydan sonra bir dəfə təkrar MRT məsləhət görürük. Əgər təkrar MRT-də böyümə yoxdursa, bir daha kontrol MRT-yə ehtiyac qalmır.

Baş ağrısı kistadandırmı?

Çox vaxt yox. MRT adətən baş ağrısına və ya başgicəllənməyə görə çəkilir və kista elə bu zaman təsadüfən tapılır. Kistaların 90%-dən çoxu heç bir əlamət vermir, baş ağrısının ən çox rast gəlinən səbəbləri isə miqren və gərginlik tipli baş ağrısıdır.

Kista əlamət verəndə bu, onun ölçüsü ilə yox, beyni və ya maye yollarını sıxması ilə bağlıdır. Belə hallarda baş ağrısı səhərlər güclənir və qusma ilə müşayiət olunur, körpədə baş sürətlə böyüyür. Qıcolma, görmənin və ya yerişin pozulması, hipofiz vəzinin yaxınlığındakı kistalarda isə hormon problemləri ola bilər. Şikayətin kistadan olub-olmadığını neyrocərrah müayinə edərək və MRT görüntülərinə baxaraq ayırd edir.

Dərmanla kista kiçilirmi?

Xeyr. Kistanı “əridən” və ya “kiçildən” dərman yoxdur: içindəki maye beynin ətrafındakı adi mayedir, kistanın divarı isə dərmanla yox olmur. Ona görə əlamət verməyən kista üçün aylarla dərman kursu keçmək lazım deyil. Əlamət verən kistanın müalicəsi isə cərrahidir.

Nə vaxt əməliyyat lazımdır?

Araxnoid kistaları çox nadir hallarda əməliyyat edirik. Əməliyyat qərarı kistanın ölçüsünə görə yox, yaratdığı problemə görə verilir. Əsas göstərişlər:

  • kista mayenin axdığı yolları bağlayıb və hidrosefaliyaya səbəb olub;
  • kista böyüyür və beyni sıxır, körpədə baş sürətlə böyüyür;
  • kistanın içinə və ya ətrafına qanaxma olub;
  • qıcolma, görmə, yeriş və ya hormon problemləri kimi əlamətlər məhz kista ilə bağlıdır.

Əlamət verməyən kistanı “ehtiyat üçün” əməliyyat etmək məsləhət görülmür: belə halda əməliyyatın riski kistanın özündən çox olur.

Əməliyyat necə aparılır?

Məqsəd kistanı tam çıxarmaq yox, onun divarında dəlik açıb mayeni beynin ətrafındakı normal maye boşluqlarına axıtmaqdır. Bunun üçün çox vaxt endoskopik üsul seçilir: kəllədə açılan kiçik dəlikdən nazik kamera (endoskop) yeridilir — hidrosefaliyadakı endoskopik əməliyyata oxşar. Bəzən kista mikroskop altında açıq əməliyyatla açılır, nadir hallarda isə kistadan qarın boşluğuna şunt qoyulur.

Düzgün seçilmiş xəstələrin təxminən 10-dan 9-unda şikayətlər azalır. Əməliyyatdan sonra MRT-də kista kiçilir, amma tam itməyə bilər. Bu, əməliyyatın uğursuz olduğunu göstərmir: vacib olan beynin sıxılmadan azad olmasıdır.

Qəbulda ən çox nə soruşulur?

Kistası olan uşaq idmanla məşğul ola bilərmi?

Əksər hallarda bəli. Araxnoid kistası olan uşaqları uzun illər izləyən araşdırmada idmanla məşğul olan 189 uşaqdan yalnız 3-ündə kista partlayıb və ya qanaxma olub, onların heç birinə əməliyyat lazım olmayıb. Boks, kikboks, taekvando, güləş kimi başa zərbə ehtimalı yüksək olan idman növləri barədə qərarı həkim kistanın yerinə və ölçüsünə görə verir.

Kistası olan qadın hamilə qala bilərmi?

Bəli. Əlamət verməyən kista hamiləliyə mane olmur. Doğuş üsulu və doğuşda ağrısızlaşdırma barədə qərarı mama-ginekoloq və anestezioloq neyrocərrahın rəyini nəzərə alaraq verir. Kəllədaxili təzyiq artmayıbsa, epidural anesteziya təhlükəsiz sayılır.

Araxnoid kista zamanla şişə çevrilə bilərmi?

Xeyr. Araxnoid kistalar şişə çevrilmirlər.

Nə vaxt təcili həkimə müraciət etmək lazımdır?

Araxnoid kistası olan uşaqda və ya böyükdə bunlardan biri olarsa, planlı müayinəni gözləmədən həkimə müraciət edin:

  • güclü, getdikcə artan baş ağrısı, xüsusən səhərlər və qusma ilə;
  • başa zərbədən sonra — yüngül olsa belə — saatlar və ya günlər sonra başlayan baş ağrısı, qusma, yuxululuq;
  • ilk dəfə qıcolma;
  • bədənin bir tərəfində zəiflik, danışığın və ya görmənin pozulması;
  • körpədə əmgəyin qabarıb bərkiməsi, başın sürətlə böyüməsi, təkrarlanan qusma.

Gicgah nahiyəsindəki kistalarda başa zərbədən sonra kistanın üstündəki nazik damarlar qopa və beyin qişasının altına qan yığıla bilər (subdural hematoma). Bu nadir olur və vaxtında müalicə ilə nəticəsi adətən yaxşı olur. Travmadan sonra hansı əlamətlərə baxmaq lazım olduğunu uşaqlarda kəllə-beyin travması məqaləsində yazmışam.