Hidrosefaliyanın müalicəsi: şuntlama yoxsa endoskopik əməliyyat?
Hidrosefaliyada şunt, yoxsa endoskopik əməliyyat? İki üsulun üstünlükləri, riskləri və hansı xəstəyə hansının uyğun olduğu.
Hidrosefaliya pediatrik beyin cərrahlarının ən çox üzləşdiyi xəstəlik olub, hərfi tərcümədə “beyində su” deməkdir. Əslində isə beyin-onurğa beyni mayesinin (BOM) beyin mədəciklərində toplanmasını ifadə edir.
Normal insanlarda da beyin mədəciklərində təxminən 25 ml BOM olur, lakin hidrosefaliyalı xəstələrdə bu mayenin miqdarı 3-4, hətta 10 dəfəyə qədər arta bilər.
Hidrosefaliyanın növləri
Əmələ gəlmə mexanizminə görə hidrosefaliyanın 2 növü var:
- Tıxayıcı hidrosefaliya – mədəciklər arasında tıxanma olur və BOM dövranı pozulur.
- Əlaqəli hidrosefaliya – mədəciklər arasında əlaqə mövcuddur və problem ya BOM’un çox ifraz olunmasında ya da BOM’un zəif geri sorulmasındadır.
Əlamətlər
Hidrosefaliyada simptomlar yaşa bağlı olaraq dəyişir:
- Körpələrdə: zəif əmmə, qusma, yuxululuq, başın böyüməsi, əmgəklərin qabarıq və gərgin olması, qıcolmalar, səbəbsiz ağlamalar və s.
- Daha böyük uşaqlarda: baş ağrısı, ürəkbulanma və qusma, ümumi halsızlıq, davranış dəyişiklikləri, dərslərdən geri qalma, qıcolmalar, görmə pozğunluqları və s.
- Yaşlı insanlarda: baş ağrıları, sidiyini tuta bilməmək, yerişin pozulması, əqli zəifliyin əmələ gəlməsi və s.
Diaqnoz
Hidrosefaliyanın diaqnozu ultrasəs müayinəsi (yalnız körpələrdə), kompüter tomoqrafiyası və maqnit rezonans tomoqrafiyası ilə qoyulur.
Müalicə
Hidrosefaliyanın müasir müalicəsi cərrahi üsulladır. Bu üsullar şuntlama əməliyyatı və endoskopla əməliyyatdır.
Şuntlama əməliyyatı
Şuntlamada məqsəd beyindəki artıq mayeni bədənin başqa boşluqlarına yönləndirməkdir. Bu boşluqlar qarın (periton) boşluğu, döş qəfəsi (plevra) boşluğu və ürəkdir. Əsasən əlaqəli hidrosefaliyada tətbiq olunur.

Şuntlama: genişlənmiş mədəcikdəki artıq maye nazik boru ilə dərinin altından qarın boşluğuna axıdılır. Mayenin axınını tənzimləyən klapan qulağın arxasında, dərinin altında yerləşir.
Endoskopik əməliyyat
Endoskopla müalicədə əsas məqsəd mədəciklər arasında bağlanmış yolları açaraq beyin-onurğa beyni mayesinin dövranını bərpa etməkdir. Əsasən tıxayıcı tip hidrosefaliyada tətbiq olunur.

Endoskopik əməliyyat: endoskopla III mədəciyin dibində kiçik dəlik açılır və maye tıxanmış yolu yan keçərək beyin sütununun önündəki sahəyə axır. Bədəndə yad cisim qalmır.
Hansı üsul seçilməlidir?
Beləliklə, müalicənin seçilməsində hidrosefaliyanın tipini müəyyənləşdirmək vacibdir və hər bir xəstəyə fərdi yanaşmaq lazımdır.