Ruslan YunusovNeyrocərrahQəbula yazıl

Uşaqlarda kəllədaxili təzyiqin artması

Körpədə "davleniya" diaqnozu: kəllədaxili təzyiq artımı əslində nədir, əsl əlamətləri hansılardır və niyə lazımsız dərmanlardan qaçmaq lazımdır.

Həkim körpənin baş çevrəsini ölçür

Yəqin ki, sizin də qohumlarınızdan hansısa uşaq, “davleniyası” var deyə uzun müddətli və çoxsaylı dərmanlarla müalicə alıb. O zaman bu mövzu tam sizə görədir. El arasında çox məşhur olan və demək olar ki, hər bir ailənin körpə fərdlərinə “diaqnoz” qoyularaq müalicəsi aparılan “davleniya”, əslində xəstəlik deyil, həmçinin belə bir diaqnoz mövcud deyil. “Davleniya” – elmi adı ilə “kəllədaxili təzyiqin artması” əslində sindromdur, yəni əlamətlərin cəmidir. Və müxtəlif xəstəliklərdə rast gəlinə bilər. Bəs bu xəstəliklər hansılardır?

Gördüyünüz kimi, sadaladıqlarım kifayət qədər ciddi xəstəliklərdir və bu xəstəliklər də “kəllədaxili təzyiqin artması” simptomları ilə özünü büruzə verir. Dolayı yolla desək, bir körpə çox ağlayırsa, gecə yatmırsa, bəzən yediyini qaytarırsa, əmgəyi bir az böyük və gec qapanırsa, bu onda ciddi bir beyin patologiyasının olduğuna dəlalət etmir. Və belə körpələri “kəllədaxili təzyiqin” müalicəsi adı ilə çoxsaylı dərmanlarla zəhərləmək mənasızdır.

Bəs “Kəllədaxili təzyiqin artması” sindromunun əlamətləri hansılardır?

  • Əmgəklərin geniş və çox gərgin olması;

  • Baş çevrəsinin sürətlə böyüməsi;

  • Gözlərin davamlı aşağıya doğru baxması (“batan günəş” simptomu);

  • Yuxululuq və ya həddindən çox yatma;

  • Dəfələrlə fontan kimi qusmalar və s.

Xatırladım ki, “kəllədaxili təzyiq artması” sindromu olanda adətən yuxarıda sadalanan əlamətlərin bir neçəsi eyni anda rast gəlinir. Əgər sizin körpəyə də “davleniya” diaqnozu qoyulubsa, bilin ki, bu əksər hallarda səhv diaqnozdur və körpənin nevropatoloq və ya neyrocərrah tərəfindən düzgün qiymətləndirilməsi lazımdır.