Ruslan YunusovNeyrocərrahQəbula yazıl

Trigeminal nevralgiya (üçlü sinirin ağrısı)

Trigeminal nevralgiya – üçlü sinirin ağrısı: üzün bir tərəfində saniyələrlə davam edən elektrik vurması kimi ağrı. Səbəbləri, MRT, dərman və əməliyyat.

Trigeminal nevralgiya nədir?

Trigeminal nevralgiya üzün bir tərəfində qəfil başlayan, elektrik vurması və ya iynə sancması kimi çox şiddətli ağrıdır. Tutma bir neçə saniyə, ən çox bir neçə dəqiqə davam edir və gün ərzində dəfələrlə təkrarlana bilər. Xəstəlik çox vaxt dərmanla nəzarətdə saxlanılır, dərman kömək etməyəndə isə əməliyyat ağrını aradan qaldıra bilər.

Ağrı üçlü sinirdən (trigeminal sinir) gəlir. Bu sinir beyin kötüyündən çıxır və üç şaxəyə ayrılır: üst, orta və alt şaxələr. Üst şaxə – alın və göz ətrafı, orta şaxə – yanaq və üst çənə, alt şaxə – alt çənə nahiyəsinin hissiyyatını təmin edir. Xəstəlik daha çox 50 yaşdan sonra və qadınlarda rast gəlinir.

Üçlü sinir: beyin kötüyündən çıxıb üç şaxə ilə üzə gedir, sinirin başlanğıcına arteriya basır

Sarı – üçlü sinir: beyin kötüyündən çıxır və üç şaxə ilə alına və göz ətrafına, yanağa və üst çənəyə, alt çənəyə gedir. Qırmızı – sinirin başlanğıcına basan arteriya: trigeminal nevralgiyanın ən çox rast gəlinən səbəbi.

Əlamətləri hansılardır?

  • Ağrı üzün yalnız bir tərəfində olur, ən çox yanaqda, üst və ya alt çənədə.
  • Ağrı tutmalarla gəlir: elektrik cərəyanı, ani sancma kimi. Tutmalar arasında insan özünü yaxşı hiss edir.
  • Tutmanı adi hərəkətlər başladır: yemək çeynəmək, danışmaq, diş fırçalamaq, üzü yumaq və ya qırxmaq, hətta üzə külək dəyməsi. Ona görə xəstələr yeməkdən, danışmaqdan, üzünə toxunmaqdan qorxur və arıqlayır.
  • Ağrı həftələr və aylarla davam edib sonra bir müddət keçə bilər, sonra yenidən qayıdır. İllər keçdikcə ağrısız dövrlər qısalır.

Ağrı çənədə olduğu üçün insanlar çox vaxt əvvəlcə diş həkiminə müraciət edir. Bəzən sağlam dişlər çəkilir, amma ağrı keçmir. Diş müalicəsindən sonra da davam edən elektrik kimi ağrı trigeminal nevralgiyaya şübhə yaradır.

Niyə yaranır?

  • Damarın sinirə basması – ən çox rast gəlinən səbəbdir. Beyin kötüyünün yanında bir arteriya (bəzən vena) sinirə toxunur və hər nəbz vurduqca onu sıxır. İllər ərzində sinirin örtüyü zədələnir və sinir “qısaqapanma” verir.
  • Dağınıq skleroz – sinirin örtüyünü zədələyən xəstəlikdir. Gənc yaşda, xüsusən hər iki tərəfdə ağrı olanda bu ehtimal çoxalır.
  • Şiş və ya kista – üçlü sinirin yolunda yerləşən beyin şişləri (məsələn, meningioma, şvannoma) sinirə basa bilər.

Bəzən heç bir səbəb tapılmır.

Diaqnoz necə qoyulur?

Diaqnoz əsasən xəstənin şikayətlərinə görə qoyulur: ağrının yeri, xarakteri və nəyin tutmanı başlatması çox şey deyir. Həkim üzün hissiyyatını da yoxlayır – adətən o, normal olur.

Bütün xəstələrə beynin MRT-si çəkilir. Adi MRT kifayət etmir: sinirə və onun yanındakı damarlara baxmaq üçün xüsusi nazik kəsikli çəkiliş lazımdır. MRT iki suala cavab verir: ağrıya şiş və ya dağınıq skleroz səbəb olurmu, sinirə basan damar varmı. Damarın görünməsi əməliyyat planı üçün vacibdir.

Necə müalicə olunur?

Dərman. Müalicə dərmanla başlayır. Adi ağrıkəsicilər bu ağrıya kömək etmir. Qıcolmalara qarşı işlədilən bəzi dərmanlar sinirin “qısaqapanmasını” sakitləşdirir və xəstələrin çoxunda ağrını azaldır. Dərmanı və dozanı həkim seçir, onu öz-özünə artırmaq və ya birdən kəsmək olmaz. Zamanla dərmanın təsiri azala bilər, yüksək dozada isə başgicəllənmə, yuxululuq, yerişdə qeyri-sabitlik yaradır.

Əməliyyat dərman ağrını kifayət qədər azaltmayanda və ya xəstə dərmanı yaxşı keçirmədikdə məsləhət görülür.

  • Mikrovaskulyar dekompressiya – MRT-də sinirə basan damar görünürsə, əsas əməliyyat budur. Qulağın arxasında kiçik kəsiklə kəllədə təxminən 3–4 sm-lik dəlik açılır. Mikroskop altında damar sinirdən aralanır və aralarına kiçik yumşaq yastıqcıq qoyulur. Sinir kəsilmir, üzün hissiyyatı saxlanılır. Ağrı çox vaxt əməliyyatdan dərhal sonra keçir. 1185 xəstənin izləndiyi tədqiqatda 10 il sonra xəstələrin 70%-i dərmansız və ağrısız idi. Əsas risklərdən biri həmin tərəfdə eşitmənin azalmasıdır (təxminən hər 100 xəstədən birində). Əməliyyatdan sonra xəstə adətən 4–5 gün xəstəxanada qalır, 3 həftəyə işinə qayıdır.
  • Sinirə dəri altından iynə ilə təsir (radiotezlik, balon və s.) – yaşlı və ağır xəstəliyi olan, açıq əməliyyat riskli olan xəstələrdə. Sinirin bir hissəsi qəsdən zədələnir: ağrı keçir, amma üzdə keyimə qalır və ağrı daha tez qayıda bilər.
  • Radiocərrahiyyə – sinirə kəsiksiz, dəqiq yönəldilmiş şüa verilir. Təsiri həftələr–aylar sonra başlayır.

Hansı üsulun seçilməsi yaşdan, ümumi sağlamlıqdan və MRT-dən asılıdır.

Nə vaxt təcili həkimə müraciət etmək lazımdır?

Trigeminal nevralgiya özü həyat üçün təhlükəli deyil, amma aşağıdakı hallarda gecikmədən həkimə müraciət edin:

  • üzdə daimi keyimə, hissiyyatın azalması yaranıbsa – bu, adi trigeminal nevralgiyaya xas deyil, şiş və ya başqa xəstəlik ola bilər;
  • üzdə ağrı ilə yanaşı eşitmə azalıbsa, ikili görmə, üzdə zəiflik, udmaqda çətinlik başlayıbsa;
  • dərman başladıqdan sonra dəridə səpgi, ağızda yaralar, hərarət yaranıbsa – dərmanı dayandırıb dərhal həkimə xəbər verin;
  • ağrı səbəbindən yeyə və içə bilmirsinizsə.