Ruslan YunusovNeyrocərrahQəbula yazıl

Beyin qanaxmaları

Beyin qanaxması: epidural və subdural hematoma, anevrizmanın partlaması, hemorragik insult. Əlamətləri, KT ilə diaqnozu və nə vaxt əməliyyat lazımdır.

Beyin qanaxması nədir?

Beyin qanaxması kəllənin içində damarın cırılması və ya partlaması nəticəsində qanın beyin toxumasına, yaxud beyni örtən qişaların arasına yığılmasıdır. Yığılan qan laxtası – hematoma beyni sıxır və kəllədaxili təzyiqi artırır. Qanaxma bəzən dəqiqələr ərzində həyat üçün təhlükə yaradır, ona görə hər beyin qanaxması təcili haldır.

Qanaxmaya ya başa dəyən zərbə (travma), ya da damarın özündəki xəstəlik səbəb olur. Travma olmadan yaranan qanaxma insultun bir növüdür və hemorragik insult adlanır. İnsultların çoxu damarın tıxanmasından olsa da, dünyada hər üç insultdan biri beyin damarlarının (adətən yüksək qan təzyiqi nəticəsində) zədələnməsi hesabına olan qanaxmadır.

Kəllənin öndən kəsiyi: epidural və subdural hematoma, subaraxnoid və beyindaxili qanaxma

Kəllənin öndən kəsiyi, qanaxmanın dörd növü. Yuxarıda solda epidural hematoma: qan kəllə sümüyü ilə sərt qişa arasındadır və linzaya bənzəyir, üstündəki sümük sınıb. Yuxarıda sağda subdural hematoma: qan sərt qişa ilə beyin arasında, beynin səthi boyu aypara kimi yayılıb (burada hər iki tərəfdə). Aşağıda solda subaraxnoid qanaxma: qan beynin səthindəki şırımlara və beynin əsasına yayılıb, əsasdakı arteriyalarda kiçik anevrizmalar görünür. Aşağıda sağda beyindaxili qanaxma: laxta beyin toxumasının dərinindədir və qan mədəciyə keçib.

Hansı növləri var?

Qanaxmanın adı qanın harada yığıldığını göstərir. Beyni xaricdən üç qişa örtür: kəllə sümüyünün içinə yapışan qalın sərt qişa, ortada nazik araxnoid qişa və beynin səthini örtən yumşaq qişa.

  • Epidural hematoma – qan kəllə sümüyü ilə sərt qişa arasına yığılır. Demək olar ki, həmişə travmadan sonra olur: sümük sınanda onun altındakı arteriya cırılır, ən çox gicgah nahiyəsində. Zərbədən sonra huşunu itirən insan özünə gələ və bir neçə saat yaxşı görünə bilər, sonra isə vəziyyəti sürətlə ağırlaşır. Vaxtında əməliyyat olunanda nəticə adətən yaxşı olur.
  • Kəskin subdural hematoma – qan sərt qişa ilə beyin arasına yığılır. Ağır travmadan sonra yaranır və çox vaxt beyin toxumasının zədələnməsi ilə birlikdə olur, ona görə ən ağır travmatik qanaxmalardandır.
  • Xroniki subdural hematoma – eyni yerdə, amma həftələr ərzində yavaş-yavaş yığılan qan. Əsasən yaşlılarda olur: yaşla beyin kiçildikcə onu sərt qişaya bağlayan venalar dartılır. Yüngül zərbədən, bəzən heç yadda qalmayan yıxılmadan sonra bu dartılıb gərilən damarlar cırılaraq subdural qanaxmaya səbəb olurlar. Qan durulaşdıran dərmanlar və spirtli içki riski artırır. Baş ağrısı, unutqanlıq, yerişin pozulması, bir tərəfdə zəiflik tədricən başlayır və çox vaxt yaşlılıqla və ya insultla qarışdırılır.
  • Subaraxnoid qanaxma – qan araxnoid qişanın altına, beynin səthini yuyan mayeyə yayılır. Travmadan da ola bilər, amma travma olmadan yaranan subaraxnoid qanaxmanın əsas səbəbi beyin arteriyasındakı anevrizmanın partlamasıdır. Əsas əlaməti bir neçə saniyədə ən güclü həddə çatan, insanın “həyatımda belə ağrı olmayıb” dediyi qəfil baş ağrısıdır.
  • Beyindaxili qanaxma – qan beyin toxumasının içinə yığılır. Ən çox illərlə nəzarətsiz qalan yüksək qan təzyiqindən olur: beynin dərinindəki kiçik arteriyaların divarı zəifləyir və partlayır. Yaşlılarda səbəb damar divarına zülal yığılması (amiloid angiopatiya) ola bilər, gənclərdə və uşaqlarda isə çox vaxt anadangəlmə damar qüsuru olur. Qan beyin mədəciklərinə keçəndə beyin-onurğa beyni mayesinin axını tıxanır və hidrosefaliya yarana bilər.

Nadir hallarda beyin şişi qanayır və xəstəlik qəfil qanaxma ilə başlayır – belə bir xəstənin hekayəsini klinik halda yazmışıq.

Hansı damar qüsurları qanaxmaya səbəb olur?

  • Anevrizma – arteriya divarındakı zəif yerin balon kimi qabarmasıdır. Yetkin insanların təxminən 3%-ində beyində partlamamış anevrizma olur və onların çoxu heç vaxt partlamır. Ailəsində anevrizma və ya subaraxnoid qanaxma olanlarda və polikistoz böyrək xəstəliyində daha çox rast gəlinir. Siqaret və yüksək qan təzyiqi partlama riskini artırır.
  • Arteriovenoz malformasiya (AVM) – arteriyalarla venalar arasında kiçik damarlar (kapilyarlar) olmadan birbaşa əlaqə yaranan anadangəlmə damar yumağı. Arteriyadan yüksək təzyiqlə gələn qan nazik divarlı venaları zəiflədir. AVM ildə təxminən 3% ehtimalla qanayır, əvvəllər qanamış AVM-də bu risk daha yüksəkdir.
  • Kavernoma – tut və ya moruq gilələrinə bənzəyən kiçik damar yumağı. Adətən kiçik, təkrarlanan qanaxmalar verir və çox vaxt qıcolmalarla özünü göstərir.

Əlamətləri hansılardır?

Əlamətlər qanaxmanın yerindən, həcmindən və qanın nə qədər sürətlə yığılmasından asılıdır:

  • qəfil başlayan və ya getdikcə artan güclü baş ağrısı;
  • ürəkbulanma, təkrarlayan qusma;
  • bədənin bir tərəfində zəiflik və ya keyimə, üzün bir tərəfinin əyilməsi;
  • nitqin və ya görmənin pozulması;
  • qıcolma;
  • yuxululuq, çaşqınlıq, huşun itməsi;
  • boyunda ağrı və sərtlik, işığa baxa bilməmək – xüsusilə subaraxnoid qanaxmada.

Diaqnoz necə qoyulur?

Beyin qanaxmasına şübhə olanda ilk müayinə kompüter tomoqrafiyasıdır (KT): bir neçə dəqiqə çəkir və təzə qanı dəqiq göstərir. Qanaxmanın səbəbini tapmaq üçün beyin damarları kontrastla çəkilir – KT-angioqrafiya və ya MR-angioqrafiya. Anevrizma və AVM-i ən dəqiq göstərən müayinə kateterlə aparılan angioqrafiyadır: qasıqdakı arteriyadan nazik boru (kateter) beyin damarlarına qədər irəlilədilir və kontrast maddə vurulur.

MRT kavernomanı, köhnə qanaxma izlərini və qanaxmanın altında gizlənə bilən şişi göstərir. Subaraxnoid qanaxmadan şübhə olub KT-də qan görünmürsə, bel punksiyası edilir: beyin-onurğa beyni mayesində qan olub-olmadığı yoxlanılır.

Müalicəsi necədir?

Beyin qanaxması olan xəstə xəstəxanada, çox vaxt reanimasiya şöbəsində müalicə olunur. İlk saatlarda qan təzyiqi tənzimlənir, qan durulaşdıran dərmanın təsiri aradan qaldırılır və qanaxmanın böyüməsinin qarşısı alınır. Əməliyyatın lazım olub-olmadığını qanaxmanın növü, həcmi, yeri və xəstənin huşunun vəziyyəti müəyyən edir.

Əməliyyatsız müalicə. Beyni sıxmayan kiçik hematomalarda xəstə müşahidə altında saxlanılır, KT təkrarlanır və qan həftələr ərzində özü sorulur.

Kəllənin açılması (kraniotomiya). Böyük epidural və kəskin subdural hematomalarda, beynin səthinə yaxın böyük beyindaxili qanaxmada və beyincikdəki qanaxmada kəllədə “pəncərə” açılır, laxta çıxarılır və qanayan damar bağlanır. Beyin şişkinliyi çox olarsa, sümük yerinə qoyulmur və bir neçə ay sonra qaytarılır. Beynin dərinindəki qanaxmalarda isə açıq əməliyyat hər zaman fayda vermir, ona görə qərar hər xəstə üçün ayrıca verilir.

Xroniki subdural hematomada kəllədə bir-iki kiçik dəlik açılır, maye halına gəlmiş qan yuyulub çıxarılır və bir-iki günlüyə nazik drenaj borusu qoyulur. Xəstələrin çoxu əməliyyatdan sonrakı günlərdə xeyli yaxşılaşır. Hematoma bəzən yenidən yığılır: bir araşdırmada drenaj qoyulan xəstələrin 9%-ində, qoyulmayanların isə 24%-ində təkrar əməliyyat lazım olmuşdu.

Partlamış anevrizma ilk günlərdə yenidən qanaya bilər və təkrar qanaxma çox vaxt birincidən ağır keçir. Ona görə anevrizma mümkün qədər tez, mümkünsə ilk 24 saatda bağlanır. İki üsul var: açıq əməliyyatda mikroskop altında anevrizmanın boynuna kiçik metal sıxac (klips) qoyulur, ya da qasıqdan keçirilən kateterlə anevrizmanın içi nazik platin spirallarla doldurulur. Üsul anevrizmanın yerinə, formasına və xəstənin vəziyyətinə görə seçilir. Subaraxnoid qanaxmadan sonrakı təxminən iki həftədə beyin arteriyaları daralıb (spazm) beynin qanla təchizatını poza bilər, ona görə xəstə bu müddətdə reanimasiyada izlənir.

AVM və kavernoma əməliyyatla çıxarılır. AVM-in damarları həm də kateterlə içəridən tıxana (embolizasiya) və ya şüa ilə (radiocərrahiyyə) bağlana bilər, bəzən bu üsullar birlikdə tətbiq olunur. Heç qanamamış damar qüsurunda müalicənin riski qanaxma riski ilə müqayisə edilir və bəzən yalnız izləmə seçilir.

Mədəciklərə qan keçib hidrosefaliya yaranıbsa, mayeni xaricə axıdan müvəqqəti boru – xarici ventrikulyar drenaj qoyulur. Bəzi xəstələrə sonradan daimi şunt lazım olur.

Qanaxmadan sonra itirilmiş funksiyaların bərpası (reabilitasiya) mümkün qədər erkən başlayır. Təzyiqlə bağlı qanaxmanın təkrarlanmasının qarşısını almaq üçün ən vacib addım qan təzyiqini daim normada saxlamaqdır.

Uşaqlarda beyin qanaxması

  • Vaxtından əvvəl doğulan körpələrdə beyin mədəciklərinin ətrafındakı zərif damarlardan qanaxma ola bilər. Bu, ilk həftələrdə əmgəkdən ultrasəs müayinəsi ilə yoxlanılır, ağır hallarda sonradan hidrosefaliya yaranır.
  • Uşaqlarda qanaxmanın ən çox rast gəlinən səbəbi baş travmasıdır. Körpəni bərk silkələmək də beyin qişası altına qanaxmaya səbəb ola bilər.
  • Böyük uşaqlarda travma olmadan yaranan qanaxmanın ən çox rast gəlinən səbəbi AVM-dir.

Nə vaxt təcili həkimə müraciət etmək lazımdır?

Yuxarıdakı əlamətlər qəfil başlayıbsa, gözləmədən təcili yardım çağırın. Bundan başqa, aşağıdakı hallarda da gecikmədən həkimə müraciət edin:

  • qəfil başlayan çox güclü baş ağrısı bir neçə saata keçibsə belə – anevrizma bəzən böyük qanaxmadan əvvəl kiçik, “xəbərdarlıq” qanaxması verir;
  • baş travmasından sonra baş ağrısı artırsa, təkrar qusma, yuxululuq və ya çaşqınlıq yaranıbsa – xüsusilə yaşlı və qan durulaşdıran dərman qəbul edən insanda;
  • yaşlı insanda yıxılmadan günlər və ya həftələr sonra yeni baş ağrısı, unutqanlıq, yerişin pozulması, qol və ya ayaqda zəiflik başlayıbsa;
  • körpədə əmgək qabarıbsa, təkrar qusma, qıcolma və ya qeyri-adi yuxululuq varsa.